7 Noyabr 2022 17:19
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhidlərin əziz xatirəsinə ithaf olunmuş "Qəhrəman övladıyıq" adlı musiqi layihəsinin təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə "PAŞA Həyat” şirkətinin Korporativ Kommunikasiya şöbəsinin müdiri Vəli Məmmədov açıb. O, "Qəhrəman övladıyıq" layihəsindən danışıb.
"Zəfər günü ərəfəsində yeni layihəmizi təqdim edirik. Bu layihə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza həsr edilib. Mahnının dillər əzbəri olub tarixdə yaşaması üçün layihəyə ekran həyatı verdik. Mahnını şəhid həyat yoldaşı bəstələyib və şəhid övladlarımız ifa ediblər. "Qəhrəman övladıyıq" şəhid övladlarından gələn istək nəticəsində həyata keçib. Bu mühüm və böyük layihəni digər tərəfdaşlarımız və əsasən də "PAŞA Holding" tərəfindən verilən dəstək nəticəsində qısa zaman ərzində gerçəkləşdirdik. Düşünürük ki, bu layihə qəlblərdə və dillərdə yaşayacaq. Gələcəkdə də bu istiqamətdə digər layihələr də həyata keçirəcəyik", - o bildirib.

PASHA Həyat Sığorta şirkətinin əməkdaşı, layihənin ssenari müəllifi Məryəm Xanım Abasəliyeva layihənin ərsəyə gəlməsindən bəhs edib: "Bu layihəyə uzun zamandır 9 qəhrəmanın yadigarı ilə birlikdə hazırlaşırdıq. "Qəhrəman övladıyıq" layihəsi Zəfər günü ərəfəsində meydana gəldi və bu gün işıq üzü gördüyünə görə sevinirəm. Hesab edirəm ki, şəhid övladı tərəfindən bəstələnən və şəhid övladları tərəfindən ifa edilən "Qəhrəman övladıyıq" mahnısı tarixdə əbədi olaraq yaşayacaq".

Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, "Zəfər" İctimai Birliyinin rəhbəri Sevinc Alızadə çıxışında bildirib ki, şəhid övladlarının düzgün böyüməsi, tədbirlərə və düşərgələrə cəlb edilməsi təşkilatın ən əsas istiqamətindən biridir: "6 illik fəaliyyətimiz dövründə ən yadda qalan layihəmiz "Şuşa" layihəsi oldu. Övladlarımız bacarıqlarına uyğun "Zəfər" Yay Məktəbində dayanmadan çalışdılar. Onlara təhsil verən, musiqi qrupunun bədii rəhbəri Rəşad Atakişiyevin həyat yoldaşı, Bakı Musiqi Akademiyasının dosenti Könül Hüseynovadır. Sentyabrın 1-də "Qəhrəman övladıyıq" layihəsini ilk dəfə Şuşada Üzeyir Hacıbəyovun abidəsi önündə təqdim etdik. O şəraitdə Şuşaya piano və səs avadanlıqları apardıq. Bəstənin müəllifi və musiqisi Könül Hüseynovaya aiddir. Zəfərimizin ikinci ildönümü ərəfəsindəyik.

Layihəmizdə Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın övladları ilə yanaşı "Aprel döyüşləri" zaman şəhid olan, polkovnik Vüqar Yusifovun qızı da var. "Qəhrəman övladıyıq"da bütün dövrlərdə şəhid olan qəhrəmanlarımızın övladları iştirak edir. Çünki Şuşa üçün gedən yolda hər bir qəhrəmanımızın qanı əzizdir".

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva layihədə əməyi keçən hər kəsə təşəkkür edib: "Əziz uşaqlar, Allah sizi qorusun, Allah sizə gözəl gələcək nəsib etsin. Parlaq, işıqlı gələcək üçün sizin valideynləriniz canından keçdi. 44 günlük Vətən Müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyev bir il görüşdə iştirak edən xaricilərə tarixi başa salırdı, hüquq normalarını izah edirdi. Əziz uşaqlar, siz də o kadrlara mütləq baxmalısınız. Bizim bugünkü Zəfərimizin bünövrəsi o günlərdə qoyulub. Şəhidlərimiz ruhu qarşında baş əyərək qazilərimizə şəfa diləyirəm".

Şəhid pilotumuz, Azərbaycan ordusunun polkovnik-leytenantı Rəşad Atakişiyevin xanımı, Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynova "Qəhrəman övladıyıq" layihəsinin ərsəyə gəlməsindən danışıb: "Qəhrəman övladıyıq" "Zəfər" Yay Məktəbi çərçivəsində musiqi qrupu üçün bəstələdiyim əsər idi. İlk dərsdə uşaqlarımızın məğrur, qürurlu və eyni zamanda təsirli baxışları mənə çox təsir etdi. Elə həmin axşam, ilk dərsdə, uşaqlarımızın oxumaq eşqindən və kədərli baxışlarında bu əsər yarandı.
Qarşıma məqsəd qoydum ki, onları bu əsərimlə çox məğrur şəkildə tamaşaçılara təqdim edəcəm. Bu əsər göz yaşları içində yarandı. Mən şair deyiləm, amma bu əsər sözlərdən süzülərək notlara çevrilib. İlk tədimatı Şuşada "Zəfər" Yay Məktəbi çərçivəsində baş verdi. Sevinc Alızadəyə dəstək üçün öz minnətdarlığımı bildirirəm. Qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr edilən layihəmizi "PAŞA Holding"ə təqdim etdi. "PAŞA Holding" yay məktəbində əsəri bəyənmişdi. Əsər iki solist üçün yazılıb. Əsərin birinci hissəsində övladım Turqut Atakişiyev, ikinci hissəsində isə şəhid polkovnik-leytenant Babək Ramaldanovun övladı Süleyman Ramaldanov ifa edib əsəri "Qəhrəman övladları" uşaq xoru oxuyub.

Qeyd edək ki, tədbirdə Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı, əməkdar artist, bəstəkar Vüqar Camalzadə, millət vəkili Ceyhun Məmmədov, bir sıra ictimai-siyasi şəxslər və şəhid ailələri iştirak ediblər.


Müəllif: Rəqsanə Həsənova, Foto: Elmin Zahidzadə

Oxşar xəbərlər