Xankəndi və ətrafında (Qarabağın dağlıq hissəsi) yaşayan ermənilərin bu ərazilərdən çıxıb getmələri zaman məsələsidir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti yazır.
Erməni nəşri iddia edir ki, Baş nazir Nikol Paşinyanın Qarabağın dağlıq hissəsi ilə bağlı açıqlamaları həqiqətləri əks etdirmir, bu, erməniləri sakitləşdirməyə yönəlmiş təsəlli sözləridir:
“Paşinyanın “yol xəritəsi”ni qəbul etməsindən iki il keçməsinə baxmayaraq, göstərilən istiqamətlər üzrə heç bir addım atılmayıb. Halbuki iki il lazımi addımların atılması üçün çox böyük müddətdir. “Yol xəritəsi”ndə Qarabağ məsələsi üzrə danışıqlar prosesinin ATƏT-in Minsk qrupunun həmsədrliyi formatında bərpası amili qeyd olunub. Burada “Qarabağın statusu” məsələsinin prioritetliyi və ermənilərin bura qayıdacağı məsələsi vurğulanıb. Amma indi durum belədir ki, “status”la bağlı hər hansı məsələni müzakirə etməkdən imtina edir.
ATƏT-in Minsk qrupu da həmsədrlik institutu kimi işləmir. Hətta bu yaxınlarda amerikalı həmsədr Filip Riker bunu etiraf edərək Minsk qrupunun həmsədrləri arasında əməkdaşlığın nəticə vermədiyini vurğulayıb.
Paşinyan “yol xəritəsi”ndə ermənilərin Qarabağa qayıtmasını təmin edəcəyinə və onlar üçün normal həyatı bərpa edəcəyinə söz verib. Amma indiyədək bu məsələ həll olunmayıb. Məsələn, hadrutlular indiyədək Hadruta qayıtmayıblar. Biz isə bunun əksini görürük. Yeni yolun tikintisindən sonra Laçın şəhəri, Sus və Zabux kəndləri Azərbaycana təhvil verildi. Nəticə etibarilə bu gün Qarabağın kiçik bir hissəsində (dağlıq ərazilərində) yaşayanların saylarının azalması sadəcə zaman məsələsi ola bilər. Çünki Ermənistan hakimiyyəti açıq şəkildə etiraf edir ki, Ermənistan artıq onların təhlükəsizliyini təmin etmək potensialına malik deyil”.
Erməni nəşri vurğulayır ki, müharibədən iki il keçməsinə baxmayaraq, hələ də Ermənistanın dağılmış ordusunun yenidən qurulması prosesinə və yeni silahların alınmasına başlanılmayıb:
“Hakimiyyət silah tədarükünü normal təşkil etməyə belə macal tapmır, əks halda Paşinyan bəyan etməzdi ki, Azərbaycan müttəfiqlərimizlə münasibətlərdə böyük uğurlar əldə edib, biz pulu ödədiyimiz halda belə silah ala bilmirik. Və bu yaxınlarda məlum oldu ki, İordaniya şirkəti razılaşmaya baxmayaraq, Ermənistana silah verməkdən imtina edib. İndi Ermənistan tərəfi buna görə kompensasiya tələb edir”.