“İndiki mərhələdə Ermənistan-Azərbaycan danışıqlar prosesi ilə bağlı keçirilən və keçirilməyən görüşlərin mahiyyəti Qərblə Rusiya arasında gedən mübarizəyə əsaslanır”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Qaqik Ambaryan deyib.
“Brüsseldə görüş təşkil olunanda Rusiya tərəfinin dərhal Soçidə və ya Moskvada görüş təşkil etməsinin səbəbi də budur. Əksinə, Soçidə və ya Moskvada görüş təşkil olunanda, həmin eyni məzmunlu görüş Brüsseldə təşkil edilir. Bundan əlavə, Qərb Ermənistan və Azərbaycan liderləri arasında görüşlər üçün müxtəlif platformalardan da istifadə edir ki, bunun bariz nümunəsi Praqa idi”, - ekspert bildirib.
Ambaryanın fikrincə, 44 günlük müharibənin nəticəsini nəzərə aldıqda Qərb və Rusiyanın vasitəçiliyi Azərbaycan üçün o qədər önəm kəsb etməsə də, bunu Ermənistan üçün demək çətindir:
“Bakı daha sərbəst hərəkət edir, amma baş verənlər bizim üçün qətiyyən faydalı deyil. Ermənistan hakimiyyətindən fərqli olaraq, Azərbaycanın manevr imkanları daha çoxdur. Ermənistan hakimiyyəti təslim olmuş və məğlub tərəfdir, noyabrın 10-da kapitulyasiya aktına imza atıb”.
Ekspert bildirib ki, çıxılmaz durumda olan Baş nazir Nikol Paşinyan hamının, eləcə də Türkiyə və Azərbaycanın tələbini yerinə yetirməyə çalışır: “Buna görə də, o, həm Qərbin, həm də Rusiyanın kreslosunda oturmağa çalışır”.
Ambaryanın sözlərinə görə, Paşinyan uzun müddət belə manevr edə bilməz, sonda iki variantdan birini qəbul etməlidir.
Erməni ekspertin fikrincə, Paşinyan sonda Azərbaycanla sülh müqaviləsinə dair Qərb variantını qəbul edəcək:
“Paşinyan çox məharətli oyun oynayır. Bu oyunun qaydaları Vaşinqton-Brüssel tandemi tərəfindən hazırlanıb. O, açıq şəkildə deyir ki, Rusiya tərəfinin təkliflərini qəbul etməyə hazırdır. Bu, inandırıcı deyil”.
Sülh müqaviləsinə dair irəli sürülən təkliflərə gəldikdə, Ambaryan hesab edir ki, bunlardan Qərb və ya ABŞ variantı Azərbaycanın xeyrinədir:
“Qərb və Rusiyanın təklifləri arasında iki əsas fərq var. Rus versiyasında “Qarabağın statusu” məsələsi ilə yanaşı, eyni zamanda Moskvanın nəzarətində olmalı olan Zəngəzur dəhlizi də var. Brüssel versiyasında Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olunur və Zəngəzur dəhlizi yoxdur. İndi məsələ budur ki, Brüsseldə Nikolun Moskvanın təklifinə imza atmasına və bununla da rusları nəzəri olaraq, “gəlin, Zəngəzur dəhlizinə nəzarət edin” deyib aldatmasına etiraz etmirlər.
Əslində çoxlarına bəllidir ki, son iki ildə Nikol və onun arxasında duran qüvvələr çox ağıllı formada anti-Rusiya təbliğatı apardılar. Əgər Moskva düşünürsə ki, Zəngəzur dəhlizinə nəzarət etməklə status-kvonu saxlayacaq, böyük yanılır”.
Ambaryan Rusiyanın bölgədə yeni nizamın formalaşması prosesinin, xüsusən də regionda güclənən Türkiyənin önünə keçə bilməyəcəyini deyib.
Politoloq Paşinyanın ilin sonunadək Azərbaycanla sülh müqaviləsi imzalamaq istədiyi iddiasını da təkrarlayıb.