29 Noyabr 2022 20:20
2 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran rejimi Azərbaycan və Türkiyə əleyhinə olanları özünə müttəfiq sayır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert molla rejiminin erməni terror təşkilatları ilə gizli əlaqələrinə diqqət çəkib:

“İranın terrorçu ASALA ilə əlaqəsi varmı? Bəli, bu mümkündür. İrandakı rejim bölgədə müxtəlif terrorçu və silahlı qruplaşmaları maliyyələşdirir, onlara gizli və açıq dəstək verir. Məqsəd Tehran rejiminin düşmənlərinə və rəqiblərinə qarşı “birgə mübarizə”nin genişlənməsinə nail olmaqdır. Bunların başında “Hizbullah” təşkilatı dayanır. İranın illərdir maliyələşdirdiyi və silahla təmin etdiyi bu təşkilatın mərkəzi Livandadır.

ASALA da Livanda təsis olunaraq Türkiyə və Azərbaycana qarşı fəaliyyətə başlayıb. İran kəşfiyyatının ASALA ilə ilk təmaslarını “Hizbullah” üzərindən qurması istisna deyil. ASALA-nın Livanda digər terrorçu PKK ilə də bağları olub.

İran rejimi Azərbaycan və Türkiyə əleyhinə olanları özünə müttəfiq sayır. ASALA 1980-1990-cı illərin əvvəllərində müxtəlif ölkələrdə Türkiyə diplomatlarına qarşı terror aktları həyata keçirdikdən sonra SSRİ-nin dağılmasıyla Qarabağa keçid aldı. ASALA terrorçuları yerli separatçılarla birləşərək azərbaycanlılara qarşı qətliamlar törətdilər.

ASALA üzvləri işğal müddətində də Qarabağda olublar, İranla sərhədə nəzarət edir, narkotik maddələrin Avropaya daşınmasında iştirak edirdilər. ASALA yox olmayıb, Azərbaycan ordusu bir çoxunun cəzasını verib, ancaq sağ qalanları da var və onların bir qismi Qarabağın dağlıq hissəsinə, digərləri Ermənistana səpələniblər. Belələri köhnə əlaqələrdən istifadə edərək İran kəşfiyyatına xidmətlərini də davam etdirirlər”.

Elxan Şahinoğlu İranın Ukraynada da Rusiyanın hərbi cinayətlərinə ortaq olduğunu bildirib:

“NATO baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib ki, Rusiyanın silah ehtiyatı azaldığı üçün digər ölkələrdən silahlar alır və bunun nümunəsi İrandan alınan silahlardır. Alyans rəhbəri Tehrana xəbərdarlıq edərək deyib ki, heç bir ölkə Rusiyanı silahla təchiz etməməlidir.

Tehran NATO baş katibinin bu xəbərdarlığını qulaqardına vuracaq. İran Rusiyaya silah və hərbi texnika satmaqda davam edəcək. Rusiyanın İran dronları və raketləri vasitəsilə Ukraynada mülki insanları öldürməsi, istiliksiz donmağa sürükləməsi Tehranı zərrə qədər də narahat etmir. Tehran rejimi üçün önəmli olan Rusiyanın “çirkli pullar”ını əldə etməsi və Ukraynanın ərazi bütövlüyünü təmin etməsini əngəlləməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər