30 Noyabr 2022 12:05
1 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk qrupunun amerikalı keçmiş həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosunun Ermənistan bölməsinə müsahibə verib.

Teleqraf.com onunla müsahibəni ixtisarla təqdim edir:

- Ermənistan-Azərbaycan sülh danışıqlarının hazırkı mərhələsini necə qiymətləndirərdiniz və əsas risklər hansılardır?

- Əslində son bir neçə ayın prosesinə nikbin baxıram. Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin görüşü yaxşı əlamətdir. Xüsusilə Soçidə keçirilən görüş müsbət nəticə verdi, tərəflər güc tətbiq etməmək barədə razılığa gəliblər. Dekabrın 7-də Avropa İttifaqı çərçivəsində mümkün görüşlə də gələcəkdə irəliləyiş üçün imkanlar var. Bütün müzakirələrin asan keçəcəyini gözləmirəm. Təbii ki, hər iki tərəfin ritorikası dəyişə də bilər, amma bu, prosesin irəliləməsinə mane olmamalıdır. Tərəflərin danışması və danışıqlar prosesinin olması vacibdir.

- Tərəflər arasında müəyyən fikir ayrılıqları olduğu üçün dekabrın 7-nə nəzərdə tutulan danışıqların baş tutub-tutmayacağı hələlik bəlli deyil. Sizcə, bunun səbəbi nədir?

- Prezident Makronun danışıqlarda iştirakı ilə bağlı bəzi fikir ayrılıqları var. Ermənistan tərəfi istəyir ki, Makron dialoqda iştirakını davam etdirsin, Prezident Əliyev isə Makronun iştirakına qarşı kəskin bəyanat verib. Düşünürəm ki, bu, tərəflərin öhdəsindən gəlməli olduğu məsələdir və böyük problem deyil. Çünki ən əsası odur ki, formatdan və danışıqların iştirakçılarından asılı olmayaraq, Ermənistan və Azərbaycan bir-biri ilə danışsın.

- Sizcə, tərəflər arasında nizamlanmaya əngəl yaradan əsas maneə nədir?

- Ən böyük problem odur ki, hər şeyi bir anda həll etmək mümkün deyil. Eyni zamanda bir çox məsələlərlə bağlı proses olmalıdır. Prezident və baş nazirin bunu təşviq etməsi vacibdir. Məsələn, Ermənistanla Azərbaycan arasında qarşıdurma ehtimalını azalda biləcək demarkasiya prosesinin olması son dərəcə önəmlidir. Vəziyyəti müzakirə etmək vacibdir. Onu da bilirəm ki, Prezident Əliyev münaqişənin həll olunduğunu və bütün bunlarla bağlı məsələlərin Azərbaycanın ərazi bütövlüyü məsələsi olduğunu bildirib, eyni zamanda, Qarabağda yaşayan insanların hüquqlarının müdafiəsi üçün prosesə ehtiyacın olduğunu da söyləyib. Bu, status məsələsidir. Başqa məsələlər də var. Məsələn: kommunikasiya, su ehtiyatları, hərbi əsirlərin qaytarılması. Bütün bunlar maneələr yaradan məsələlərdir.

- Danışıqlarda iştirakçı tərəflər arasında fikir ayrılığına səbəb olan Fransa Prezidenti Makron amilini qeyd etdiniz. Azərbaycan prezidenti birbaşa Prezident Makronun iştirakına qarşı çıxıb, o, Fransa Senatında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bu yaxınlarda qəbul edilmiş qətnaməyə işarə edib. Bununla bağlı vəziyyəti necə qiymətləndirirsiniz və onu necə həll etmək olar?

- Düşünürəm ki, Prezident Makron həqiqətən Ermənistanla Azərbaycan arasındakı vəziyyəti anlayır və o, bu prosesdə qərəzsiz, ədalətli vasitəçi ola bilər. Amma mənim fikirlərim əsas deyil. Hansı formatda və harada baş verməsindən asılı olmayaraq, həm Ermənistanın, həm də Azərbaycanın etimadını qazanacaq belə bir prosesin olması vacibdir. Tərəflərin prosesə inamının olması və irəliləməyə sadiq olması önəmlidir. Ona görə də mən həqiqətən də formatın Əliyev və Paşinyanın sülh danışıqlarında effektiv irəliləyişlə bağlı öhdəlikləri qədər vacib olduğunu düşünmürəm.

- Bu günlərdə Azərbaycan prezidenti və rəhbərliyi ilə görüşən baş müzakirəçi Filip Riker Bakıda olub. O, Ermənistan rəhbərliyi ilə görüşmək üçün İrəvana da getməyə hazırlaşır. Bu prosesdə ABŞ-ın fəaliyyətini və rolunu necə qiymətləndirirsiniz?

- Səfir Riker kifayət qədər yüksək səviyyəli diplomatdır və çox şadam ki, o, xüsusi danışıqlar aparan şəxs təyin edilib. Həm dövlət katibinin, həm də milli təhlükəsizlik müşavirinin bu məsələ ilə məşğul olması da ürəkaçandır. Bu, davamlı öhdəlik olmalıdır. Amerika tərəfi ilə bir görüş kifayət etmir. Bu, ABŞ hökumətinin, Avropa İttifaqının və digər qurumların bu prosesi irəli aparmaq öhdəliyinə çevrilməlidir. Əks halda biz hərbi qarşıdurmaya qayıdacağıq. Hazırda ABŞ administrasiyasından gördüklərim çox müsbətdir və bu əlaqə təkcə səfir Riker tərəfindən deyil, həm də ABŞ hökumətinin digər yüksək vəzifəli üzvləri tərəfindən müntəzəm olaraq davam etdirilməlidir.

- Bəs bu prosesdə Moskvanın rolunu necə qiymətləndirərdiniz? Dağıdıcıdır, yoxsa bəzi müsbət elementləri ehtiva edə bilərmi? Ukraynanın işğalından sonra Moskvanı sülhməramlı rolda təsəvvür etmək çətindir.

- Bu gün ABŞ və Avropa İttifaqının Moskva ilə səmərəli işləyə biləcəyini təsəvvür etmək çətindir. Amma Rusiya ilə bütün fikir ayrılıqlarımıza baxmayaraq, bizim Ermənistanla Azərbaycan arasında sülh və təhlükəsizliyin bərqərar olmasında da ümumi maraqlarımız var. Düşünürəm ki, Rusiya tərəfi öz qonşuluğunda münaqişənin baş verməsini istəmir və burada fəal proses görmək istəyir.

Təbii ki, Rusiya tərəfi prosesə nəzarət etməməli, regionun digər ölkələri ilə bərabər prosesin iştirakçısı olmalıdır. Rusiyanın həm Ermənistan, həm də Azərbaycanla özünəməxsus tarixi var, bunu başa düşməliyik. Ona görə də inanıram ki, Rusiya effektiv rol oynaya bilər, amma mənim anladığım qədəri ilə həmsədrlik formatı artıq vasitəçilik etmək üçün əlverişli yol deyil.

- Son sual Türkiyə və onun Ermənistanla Azərbaycan arasındakı konfliktin həllində rolu ilə bağlıdır. Bir neçə gün əvvəl Türkiyə prezidentinin müşaviri Ermənistan-Türkiyə danışıqlar prosesinin davam etdiyini bildirib. Eyni zamanda Ankara İrəvanla münasibətlərinin yaxşılaşdırılmasını Ermənistan-Azərbaycan prosesi ilə əlaqələndirməkdə davam edir. Ermənistan-Türkiyə dialoqunun gələcəyi ilə bağlı fikriniz necədir və biz bu gün bu prosesin nə yerdəyik?

- Birincisi, onu deyim ki, Türkiyə Ermənistanla Azərbaycan arasında münaqişənin uzunmüddətli həllinə nail olmaqda çox faydalı rol oynaya bilər. Türkiyənin Bakıda çox böyük nüfuzu var və düşünürəm ki, onlar bundan sülh prosesini inkişaf etdirmək üçün istifadə edə bilərlər və etməlidirlər.

Ermənistanla Türkiyə arasında münasibətlərə gəlincə, bunu bir gündə həll etmək mümkün deyil. Bu, etimadın qurulması istiqamətində kiçik addımlarla həyata keçirilməlidir və hər iki tərəf bir anda eyni addımı atmağa hazır olmalıdır. İyirmi il əvvəlki protokolların canlandırılmasını təklif etmirəm. Bu mümkün deyil. Amma hesab edirəm ki, tərəflər istəsələr, məsələn, ölkələr arasında ticarət, mənəvi sərvətlərin qorunması baxımından hansısa addımlar ata bilərlər. Hesab edirəm ki, belə istiqamətlərdə razılığa gəlmək olar. Ermənistan da, Türkiyə də bu istiqamətdə işləməlidir. Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması hər iki ölkənin maraqlarına uyğundur. Əgər onlar arasında sərhədin açılmasına hətta müəyyən dərəcədə nail olmaq mümkün olarsa, bu, ticarətin aparılmasına, insanların gediş-gəlişinin təmin olunmasına imkan verəcək. Bu, həqiqətən Ermənistan üçün faydalı olan bir prosesi başlada bilər.

Bilirəm ki, Ermənistan tərəfinin baş verən hər şeyi və mövcud ritorikanı nəzərə alaraq o addımı atması çətindir, amma bu addımın atılması və barışıq prosesinin başlaması vacibdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər