“Rusiya Türkiyə, Pakistan, İran və Hindistana birbaşa çıxış əldə etmək üçün Ermənistan və Azərbaycanı barışdırmaq istəyir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Ura.news saytında dərc olunan məqalədə bildirilir.
Məqalədə qeyd edilir ki, Qafqaz regionunda vəziyyətin necəliyi Rusiya üçün vacibdir, çünki bura İran, Türkiyə, Hindistan və Pakistanla qarşılıqlı fəaliyyət platformasıdır:
“Rusiya hakimiyyəti regionda sülhün bərqərar olmasında maraqlıdır, çünki bura nəqliyyat və logistika sisteminin bir hissəsidir. Politoloq Vladimir Kirev də bu fikirdədir. Onun sözlərinə görə, bölgədə münaqişəli vəziyyət boru kəmərlərinin tikintisinə və nəqliyyat dəhlizlərinin inkişafına mane olur.
Ermənistan Rusiyanın KTMT-dəki müttəfiqidir. Eyni zamanda, Rusiya Şimal-Cənub yolu üçün mühüm ölkə və karbohidrogen ehtiyatlarının tədarükü üçün qaz qovşağı olan Azərbaycanla yaxşı iqtisadi əlaqələr qurub. Konfliktin həlli üçün bir neçə variant var, regionda iqtisadi-siyasi vəziyyət sabitləşməlidir”.
Kirev Türkiyənin Azərbaycanla münasibətlərini gücləndirməsinin və bölgədə varlığının artmasının Rusiyanın maraqlarına uyğun olmadığını söyləyib. Rus ekspert hesab edir ki, mövcud gedişata uyğun olaraq, Ermənistan Türkiyənin təsiri altına düşə bilər, bu da Rusiyanın bölgə ilə bağlı maraqlarını əks etdirmir. Onun sözlərinə görə, Türkiyənin bölgədən çıxması Rusiyanı Cənubi Qafqazda sığortalayacaq.
İqtisadçı Mixail Belyayev sayta bildirib ki, regionun iqtisadi potensialının tam üzə çıxması üçün prosesin bütün iştirakçıları vahid iqtisadi və siyasi proqramla yaxınlaşmalıdır: “Rusiya və Azərbaycanı logistika və enerji məsələləri birləşdirir. Ermənistan Rusiyanın uzunmüddətli iqtisadi müttəfiqidir. Qafqaz isə böyük rola malikdir. Mallar bu ölkələr vasitəsilə şimaldan cənuba, şərqdən qərbə və qərbdən şərqə doğru hərəkət edir”.
Analitik Dmitri Adamidova görə, Ermənistanla Azərbaycan arasındakı münaqişəli durum Transavrasiya nəqliyyat dəhlizləri üzrə hərəkəti çətinləşdirir:
“Nə qədər ki, ölkələr barışmayacaq, Rusiya Şimal-Cənub nəqliyyat dəhlizini qura və tədarükün Türkiyəyə, İrana və əksinə logistika əlaqələrini təmin edə bilməyəcək. Münaqişə səbəbindən Transqafqazdan keçən digər Avrasiya dəhlizləri ilə nəqliyyatın hərəkəti səngiyir”.