“Moskva Qərbin Rusiya ilə Ermənistan arasında gərginlik yaratmaq üçün davamlı cəhdlərini müşahidə edir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri departamentinin direktoru Denis Qonçar deyib.
Onun sözlərinə görə, Moskva Qərbin Rusiya-Ermənistan dostluğuna zərbə vurmaq cəhdlərini izləyir, TASS xəbər verir.
“Son vaxtlar Ermənistanda Vaşinqton və Brüssel emissarlarının, eləcə də qərbyönlü strukturların necə fəallaşdığını görürük, onlar hakimiyyəti və cəmiyyəti Rusiya əleyhinə çevirməyə çalışırlar. Ermənistanda Rusiyanın milli maraqlarına zidd fəaliyyət göstərirlər”, - Qonçar bildirib.
O, Rusiyanın Ermənistanla münasibətlərində yaranmış bütün problemləri həll edə biləcəyinə ümid etdiyini söyləyib.
Qonçar həmçinin bildirib ki, Avropa İttifaqı və NATO Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istəyir.
Diplomatın sözlərinə görə, Qərb dövlətləri israrla Rusiya, Azərbaycan və Ermənistan arasında gedən danışıqlara müdaxilə etməyə çalışır:
“Brüssel və Vaşinqtonda nə qədər fərqli təqdim etməyə çalışsalar da, bunun arxasında regionda sülhün və sabitliyin bərqərar olmasına faktiki və səmimi şəkildə kömək etmək yox, Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyi dayanır”.