15 Dekabr 2014 11:32
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 8-11-də “Dövlət Sərhəd Xidmətinin qüvvə və vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində neft-qaz infrastrukturuna qarşı təhlükə yarandıqda sərhəd axtarışının təşkili, terror-təxribat qüvvələrinin aşkarlanması, raket-artilleriya qurğularından gecə və gündüz döyüş atışı ilə zərərsizləşdirilməsi və baxış əməliyyatlarının aparılması” mövzusunda taktiki təlimlər keçirilib.

DSX mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, Xəzər dənizində mümkün təhdidlərə qarşı hərbi hissə və bölmələrin birgə xidməti-döyüş və əməliyyat-taktiki hərəkət elementlərinin təkmilləşdirilməsi məqsədilə 10 taktiki epizod üzrə dörd mərhələdə təlimlər baş tutub: “ Bu təlimlərdə neft-qaz çıxarma rayonlarının, plat­formaların, ixrac boru kəmərlərinin mühafizəsi və müdafiəsinin gündəlik şəraitdən fövqəladə şəraitə keçirilməsi və birgə sərhəd axtarışının aparılması, sorğuya cavab verməyərək neft platforması istiqamətində hərəkətini davam etdirən gəminin dayandırılması, çevik-hərəkət qrupunun helikopter vasitəsi ilə gəmiyə çıxarılması, şərti düşmənin terror-təxribat qrupunun zərərsizləşdirilməsi, dayandırılmış gəmiyə xüsusi axtarış vasitələri ilə baxış keçirilməsi və kütləvi qırğın silahlarının komponentlərinin, həmçinin narkotik vasitələrin aşkar edilməsi həyata keçilib. O cümlədən sərhəd gözətçi gəmiləri tərəfindən şərti düşmənin terror-təxribat qrupunun qaranlıqda aşkarlanması və məhv edilməsi, şərti düşmənin sualtı təxribat qruplarının aşkarlanaraq zərərsizləşdirilməsi, helikopterlərin və sərhəd gözətçi gəmilərinin zenit-artilleriya qurğuları və raket komplekslərindən günün işıqlı və qaranlıq vaxtlarında döyüş atışlarının keçirilməsi kimi təlim tapşırıqları uğurla icra olunub”.

İtisürətli və yüksək üzmə qabiliyyətinə malik, mükəmməl naviqasiya və radiotexnika avadanlıqları ilə, müasir silahlarla təchiz edilmiş iki yeni sərhəd gözətçi gəmisi təlimlərdə uğurla sınaqdan keçirilib və Azərbaycanın hərbi dəniz tarixində ilk dəfə zenit-artilleriya qurğuları və raket komplekslərindən gecə atışları müvəffəqiyyətlə yerinə yetirilib.

Təlimlərdə qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunub, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı nümayiş etdirib.

Təlimlərin uğurlu yekunu münasibətilə DSX-nın rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev təlimə cəlb olunmuş şəxsi heyəti təbrik edib.

E.Quliyev Xəzər dənizində dövlət sərhədlərinin etibarlı mühafizəsinin və neft-qaz hasilatı-daşınması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin DSX-nın əsas vəzifələri olmasını xüsusi vurğulayıb, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının daha da artırıması istiqamətində hərbi hissə və bölmələr qarşısında konkret tapşırıqlar müəyyən edib.

Təlimlər zamanı yüksək peşəkarlıq nümayiş etdirmiş hərbi qulluqçuların təltifləndirilməsi keçirilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər