Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə “mavi yanacağ”ın təchizatını dayandırması ilə bağlı heç bir əlaqəsi yoxdur.
Bu barədə Teleqraf.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Ermənistan kütləvi informasiya vasitələrində növbəti dəfə təxribat xarakterli məlumatlar yayılmaqdadır: “Bu dəfə yayılan dezinformasiyaya görə, guya Azərbaycan tərəfi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə “mavi yanacağ”ın təchizatını dayandırıb. Şübhəsiz ki, bu, beynəlxalq ictimaiyyətin çaşdırılmasına və beynəlxalq ictimai rəyin səhv istiqamətə yönləndirilməsinə xidmət edir”.
“Azəriqaz” bəyan edir ki, Azərbaycanın sözügedən məsələ ilə heç bir əlaqəsi yoxdur: “Belə ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə inteqrasiya olunmayıb”.
Qurum əlavə olaraq qeyd edib ki, yaxın günlərdə qaz xəttinin Azərbaycanın nəzarətində olan ərazilərdən keçən hissəsində müvafiq texniki diaqnostika işləri aparılacaq: “Məlum olduğu kimi, hazırda soyuq hava şəraiti ilə əlaqədar Azərbaycanın digər dağlıq və dağətəyi rayonlarında da qaz xətlərində nasazlıqlar baş verir. Ümumilikdə texniki diaqnostikaların həyata keçirilməsi davamlı və təhlükəsiz qazın təchizatına hesablanan addımlardan biri kimi qiymətləndirilir”.