16 Dekabr 2022 20:56
15 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşü bura qədərki təmaslardan fərqli olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert görüşün Laçın yolunda baş verən proseslər fonunda keçiriləcəyini bildirib:

“Qarşıdakı görüş İrəvanın mövqeyində nələrin dəyişəcəyini göstərəcək. Azərbaycan danışıqlara əli kifayət qədər güclü gedir.

Ermənistan ötən iki il ərzində aparılan intensiv danışıqlar prosesini pozmağa və ya bundan yayınmağa çalışıb. Buna görədə Moskva, Brüssel və Vaşinqtonda keçirilən görüşlər nəticəsiz oldu. Bu baxımdan, yola saldığımız ili itirilmiş il hesab edə bilərik.

Bu il imkanlar yaranmışdı ki, sülh müqaviləsi imzalansın. İl ərzində bir çox məsələlərə aydınlıq gətirilmişdi, xüsusən də Brüsseldə davam edən danışıqlar tərəfləri anlaşmaya yaxınlaşdırmışdı. Bu fonda Azərbaycanın “yumşaq güc”lə Ermənistana təzyiqi nəticə verməyə başlamışdı. Hətta Baş nazir Paşinyan dəfələrlə Qarabağın Azərbaycan ərazisi olduğu faktını aşkar şəkildə dilinə gətirdi. Amma həmişə işıq gələn yerə barmaq eləməyə adət etmiş Rusiyanın araya girməsi prosesi tormozladı.

Hesab edirəm ki, xarici işlər nazirlərinin növbəti görüşü Moskva yox, Brüsselin vasitəçiliyi ilə baş tutsa, nəticəyə hesablanmış danışıqlar prosesi üçün yenidən zəmin yarana bilər. Artıq Avropa Birliyi də Ermənistanın sülh müqaviləsindən yayınmasından və Rusiyaya bel bağlamasından narahatdır. Bu yöndə həm ABŞ, həm də Avropa Birliyindən bir neçə dəfə İrəvana xəbərdarlıq səpkili mesaj da verilib”.

Məhəmməd Əsədullazadə bildirib ki, bölgədə sülhə mane olan və təhlükəsizliyi təhdid edən Rusiyadır:

“Moskva hələ də prosesdə əsas qızışdırıcı faktor olaraq qalır. Buna görə də Moksvanı prosesdən uzaq tutmağın yolunu tapmalıyıq.

Türkiyə isə ən optimal variantdır. Artıq Avropa Birliyindən də Türkiyənin Ermənistan-Azərbaycan danışıqlarına qatılması təklifi gəlib. Qənaətimə görə, xarici işlər nazirlərinin görüşündə Türkiyənin vasitəçiliyi müzakirə mövzusu olacaq.

Hesab edirəm ki, Ermənistan Türkiyənin vasitəçiliyinə razı olasa, bu, Ankara-İrəvan əlaqələrinin normalaşmasına zəmin yaradacaq. Hazırda iki ölkə arasında normallaşma prosesi gedir. Ona görə də Türkiyə faktoru Cənubi Qafqazda sülhün əsas təminatçısı ola bilər”.

Qeyd edək ki, bundan əvvəl AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Türkiyənin Ermənistan-Azərbaycan danışıqlarına müsbət töhfə verə biləcəyini açıqlayıb. Avropalı diplomat Türkiyənin perspektivdə danışıqlar prosesinə qatılmasını mümkün hesab etdiyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər