19 Dekabr 2022 09:32
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə bütün dünyanın diqqəti Qətərdə keçirilən Futbol üzrə dünya çempionatının son mərhələsinə yönəlmişdi. Futbol ehtirası dünyanın bütün qitələrində yüz milyonlarla insanı ekranlar qarşısına toplamışdı. Dünən baş tutan finalda Argentina millisi ilə Fransa milli komandası dünya kuboku uğrunda sözün əsl mənasında ölüm-dirim oyununa girişmişdilər. Final matçının mötəbər qonaqları arasında Fransa prezidenti Emanuel Makron da vardı.

Elə həmin vaxt dünyanın başqa bir bölgəsində də ölüm-dirim savaşı gedirdi. Bu isə artıq oyun deyil, əsl savaşdır. Söhbət Fransanın müstəmləkə əsarətində saxladığı Korsika adasından gedir.

Hələ 1755-ci ildə uzun illər davam etmiş azadlıq mübarizəsindən sonra Paskal Paoli tərəfindən əsası qoyulmuş müstəqil Korsika Respublikası mövcudluğunun ilk illərində bir sıra tarixi siyasi “ilk”lərə imza atmışdı. Onun Konstitusiyası Maarifçilik dövrünün prinsiplərinə uyğun şəkildə hazırlanmış müasir tipli ilk Avropa Konstitusiyası idi. Elə həmin Konstitusiyayada Yer üzünün tarixdə ilk dəfə qadınlara seçki hüququ tanınmışdı. Paolinin özü tərəfindən yazılmış Konstitusiya Jan Jak Russo və Volter kimi maarifçi filosofların azadlıq, müstəqillik və demokratiya haqqında fikirlərini özündə ehtiva etdiyindən korsikalıların uğuru bütün Avropanı ilhamlandımışdı. Korsika Respublikası dünyanın ilk müasir demokratiyası hesab olunurdu. Yenicə azadlığına qovuşmuş Korsika Respublikası qısa bir müddətdə öz hökümətini təşkil etmiş, özünün dövlət bayrağını təsdiq etmiş, ədliyyə sistemini və ordusunu yaratmışdı.

Lakin demokratiya və azadlıq erasının ilk qaranquşu çox yaşamadı. Cəmi 14 il sonra, 1769-cu ildə Fransa adanı işğal edib, Korsikanı özünün müstəmləkəsi elan etdi. Elə o zamandan etibarən Korsikalılar öz azadlığı uğrunda mücadilə aparır, lakin hələ də Fransa işğalından yaxa qurtara bilmirlər. Korsikalılar 200 ildən çox davamlı olaraq azadlıq mübarizəsi aparan, lakin azadlığına qovuşa bilməyən nadir xalqlardandır. 2 əsrdən çoxdur ki, onların azadlıq mübarizəsi Fransa höküməti tərəfindən amansızlıqla boğulur, ictimai fəallar uydurma ittihamlar əsasında həbs olunur, dözülməz fiziki və mənəvi işgəncələrə məruz qalırlar. Hətta həbsxanadan buraxıldıqdan sonra da təqiblər davam etdirilir, onların adları terrorçular siyahısına salınır və daimi polis nəzarəti altında yaşamalı olurlar. Bir qayda olaraq Korsikalı siyasi məhbuslar Fransa həbsxanalarında saxlanır və orada onlara qarşı davamlı olaraq mənəvi-psixoloji təzyiqlər və hətta sui-qəsdlər təşkil olunur. İşgəncələrə və siyasi repressiyalara qarşı mübarizə aparan müxtəlif beynəlxalq təşkilatlar Fransanı yerli sakinlərin ictimai-siyasi fəaliyyətini terrorçuluqla eyniləşdirməkdə və onları müstəmləkə əsarətində saxlamaqda günahlandırırlar. Lakin özünü demokratiyanın beşiyi adlandıran Fransa müstəmləkəçilik siyasətindən əl çəkmir ki, çəkmir.
Korsikalılar Fransa höküməti tərəfindən planlı şəkildə və mütəmadi olaraq məhv edilməkdədir. Korsikalılara ana dillərini öyrənmək imkanları verilmir, fransız dili yeganə rəsmi dövlət dili elan olunub. Frnsa höküməti adanı “fransızlaşdırmaqda” davam edir. Hər il planlı şəkildə 5 min Fransa vətəndaşı hökümətin dəstəyi ilə Korsika adasında daşınmaz əmlak alır və adanın demoqrafik vəziyyətini dəyişdirməyə çalışırlar. Buna baxmayaraq beynəlxalq ekspertlərin rəyinə görə hazırda ada əhalisinin ən azı üçdə ikisi müstəqillik uğrunda mübarizəni davam etdirir. Lakin yerli əhalinin müstəqilliklə bağlı referendum istəklərinə məhəl qoyulmur, referendum təşkil olunduqda isə nəticələr açıq-aşkar saxtalaşdırılır. Odur ki, 2019-cu ildə Makronun adaya səfərini korsikalılar ölü sükutla qarşılamaqla öz etirazlarını bildirmişdilər. Makron höküməti korsikalıların azadlıq və demokratiya tələbini “terrorçuluq” adlandırır və mütəmadi olaraq adanın siyasi fəallarına qarşı cəza tədbirləri həyata keçirir.
Bu gün dünyanın gözü Qətərdədir. Makron da Qətərə gedib. Fransız ordusu isə Korsikada “anti-terror tədbirləri” adı altında dinc əhaliyə divan tutur. Beynəlxalq mətbuata sızmış bəzi xəbərlərə görə onlarla ictimai fəal terror ittihamı ilə həbs olunub. Koçaryan, Sarqsyan, Arutunyan kimi terrorçulara qucaq açan Fransa dünyanın ilk müasir demokratiyası şöhrətini qazanmış Korsikada terrorçu axtarır. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi bütün dünyada sülhü təmin etməli olan Fransa kiçicik bir adada sülh və əmin-amanlıq arzusunda olan azsaylı bir xalqa qarşı soyqırımı həyata keçirir. Özünü “sivil” və “demokratik” adlandıran qərb dünyası isə elə bu günlərdə Fransa tərəfindən korsikalılara qarşı həyata keçirilən terror əməliyyatlarına göz yumur. Daim demokratiya və insan haqlarının aliliyindən dəm vuran BMT, Avropa Şurası, ATƏT kimi dünyanı və Avropanı idarə etməyə iddialı olan qurumlar Avropanın mərkəzində korsikalaılara qarşı baş verən soyqırımı qarşısında susurlar.


Müəllif: Cavanşir Feyziyev

Oxşar xəbərlər