“Nə Azərbaycanda, nə də digər ölkələrdə bizi ciddiyə alırlar".
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Qagik Ambaryan deyib.
Ekspert 44 günlük müharibədə məğlub olan Ermənistanın beynəlxalq ictimaiyyətdən dəstək görmədiyini də bildirib:
“Azərbaycan Ermənistan hakimiyyətinin bütün cəsarətli çıxışlarına yuxarıdan aşağı baxır. Ermənistanın mövcud durumu beynəlxalq ictimaiyyəti də qətiyyən maraqlandırmır. Bu normaldır, çünki beynəlxalq birlik heç vaxt məğlub olanın yanında dayanmır.
Dünyada elə bir ölkə yoxdur ki, onun lideri məğlub olsun, amma yenidən seçilsin. Buna görə də beynəlxalq ictimaiyyətin bu münasibəti təəccüblü deyil”.
Ambaryan Ermənistanın Rusiya və Azərbaycan xarici işlər nazirləri ilə görüşdən imtina etməsinə də toxunub:
“Bu, uşaq davranışıdır. Buna başqa bir misal kimi Nikolun KTMT-nin sammitində qəbul olunan sənədi imzalamamasını da göstərmək olar. Bundan heç kim zərər görmədi. Məsələn, imzalamamağın nəticəsi KTMT-dən çıxmaq olmalıydı. Ata-anasını narahat etmək üçün qəsdən yemək yeməyən uşaqlar var.
Beynəlxalq münasibətlərdə isə belə davranış heç bir nəticə vermir. Əksinə, yarımçıq, isterik, sarsıdıcı addımlar nəticəsində daha gülməli və daha pis vəziyyətə düşürük. Bu dəfə də həmin şey oldu. Tutaq ki, görüşdən imtina etdilər, sonra? Uşaqlıqdır”.
Politoloq Ermənistan hakimiyyətinin “hiyləgər gediş”lərinə hər yerdə ikrahla baxıldığını deyib: “Belə dəlilik və hiylələrə ikrahla baxırlar. Məharətlə oynamağa ağılları çatmır”.