"Ermənistandan verilən son açıqlama İrəvanla Kreml arasındakı münasibətlərdə çatı daha da dərinləşdirəcək".
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ermənistan-Rusiya münasibətlərindəki son gəlişməyə diqqət çəkib:
“Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına verdiyi müsahibədə Kremlin İrəvana təzyiqini iki tələblə izah edib: “Rusiya bizdən Azərbaycana dəhliz verməyi və Rusiya-Belarus ittifaqına qoşulmağı tələb edib”.
Qriqoryanın sözlərinə görə, bu gün Laçın yolunda baş verənlər guya İrəvanın Kremlin iki tələbini yerinə yetirməməsiylə bağlıdır. Qriqoryan sentyabr ayında Azərbaycan-Ermənistan təmas xəttindəki döyüşləri də Kremlin tələblərinin yerinə yetirilməməsiylə izah edib.
Qriqoryanın müsahibədəki sonuncu cümləsi də Kremlə atmacadır: “Ermənistan demokratiyası və demokratik sistemimiz Kremlin ittifaq təklifinə müqavimət göstərdiyinə görə hərbi təzyiqlə üzləşib”.
Qriqoryan bu cümləsi ilə demək istəyib ki, birincisi, Ermənistan demokratik, Rusiya avtoritar dövlət olduğuna görə ittifaqa qoşulmayacaq, ikincisi, İrəvan Moskvanın şərtini qəbul etmədiyinə görə Azərbaycan Ermənistana təzyiqi artırıb”.
Elxan Şahinoğlu hesab edir ki, Qriqoryanın bu müsahibəsi Kremlin narahatlığına səbəb olacaq:
“Özü də müsahibə Baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşünə təsadüf edib.
Bir neçə gün əvvəl Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Moskvada üçtərəfli görüşdən imtina etməsi də Kremlin narazılığına səbəb olub.
Qriqoryanın Rusiyanın təzyiqlərini ictimaiyyətə bildirməsi İrəvanla Kreml arasındakı münasibətlərdə çatı daha da dərinləşdirəcək. Digər tərəfdən, bu müsahibə Ermənistan hakimiyyətinin çarəsizliyini göstərir. Ermənistan Rusiyadan asılı dövlətdir. Buna baxmayaraq, İrəvan Kremlin tələblərini yerinə yetirmir. İrəvan öz növbəsində Rusiyadan imtina da edə bilmir, çünki Ermənistan Azərbaycan və Türkiyə ilə üz-üzə qalmaqdan qorxur. Bu amillər Azərbaycana öz şərtlərini diktə etmək üçün geniş manevr imkanları yaradır”.