28 Dekabr 2022 21:44
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın xarici ölkələrdəki səfirlərinin qarşılarına konkret hədəflər qoyulmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert hesab edir ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri erməni təxribatına qarşı fəallıqlarını artırmalıdır:

“Ermənistanın Yunanıstan, Yunan Kipri və Albaniyadakı səfirinin çalışdığı birinci ölkənin yerli mətbuatında Azərbaycan əleyhinə geniş “məqalə”sini erməni saytlarından birində oxudum. Yazı yalan və iftira üzərində qurulub. Ancaq bunun iftira və yalan olduğunu biz bilirirk, “məqalə”ni oxuyanlar fərqli fikirdə olacaqlar.

Son aylarda Azərbaycanın Qərb ölkələrindəki səfirlərindən hər hansı birinin çalışdığı ölkənin mətbuatında Azərbaycan həqiqətlərini əks etdirən məqaləsini xatırlamıram. Halbuki Laçın yolunda aksiyamızla bağlı qarşı tərəf bizə qarşı informasiya savaşını genişləndirib. Bircə Fransaya yeni təyin olunan səfir Leyla Abdullayeva çalışdığı ölkənin rəsmiləri, deputatları və siyasətçiləri ilə mübarizə aparır, fikirlərini sosial şəbəkə hesabında paylaşır. Leyla Abdullayeva keçmişdə Xarici İşlər Nazirliyinin mətbuat katibi olduğundan onun dezinformasiya şəbəkəsi ilə mübarizə təcrübəsi var”.

Elxan Şahinoğlu digər ölkələrdəki səfirlərimizdən səs çıxmadığını bildirib:

“Təəssüf ki, eyni sözləri Qərb ölkələrindəki digər səfirlərimiz barədə söyləmək çətindir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarıyla bağlı keçirdiyi mətbuat konfransında Azərbaycanın diplomatik təmsilçiliklərinin 89-a çatdığını bildirdi. Təqdirolunan haldır, sadəcə işin keyfiyyətinin artırılmasına ehtiyac var.

Fikrimcə, səfirlərimizin qarşısına konkret hədəflər qoyulmalıdır. Məsələn, hər səfirimiz hər həftə neçə yerli deputat, ictimaiyyətdə tanınan jurnalist və ictimaiyyət nümayəndəsiylə görüşdüyü və fikir mübadiləsi aparması barədə Bakıya hesabat göndərməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər