28 Dekabr 2022 22:14
3 934
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Molla rejiminin hədyanları Azərbaycanı çəkindirmir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert iki ölkə arasındakı mövcud gərginliyin Tehrandan qaynaqlandığını söyləyib:

“Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında İranla bağlı gərginliyin Tehrandan qaynaqlandığını vurğuladı. Bayramov haqlıdır. Üstəgəl, Tehranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində dəyişikliyin olması ilə bağlı məlumat yoxdur. Bununla belə, nazir Zəngilanda Araz çayı üzərində İranla birgə körpünün inşasına diqqət çəkdi.

Zəngəzur dəhlizinin alternativi olacaq və İran ərazisindən Naxçıvana çəkilən avtomobil və dəmir yol xətləri bu ilin martında Bakıda Tehranla əldə edilən anlaşmaya əsasən həyata keçirilməlidir. Amma İranın Azərbaycana qarşı aqressiv siyasəti və Ermənistanı dəstəkləməsi iki ölkə arasında dərin gərginliyə gətirib çıxarıb.

Gərginliyin davam etdiyi vaxtda Araz çayı üzərində birgə körpünün inşasına başlanılmasına Tehranın geri addım atması kimi də baxmaq olar. Əgər İran ərazisindən alternativ yol çəkilirsə, demək ki, Tehranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində dəyişiklik var.

Azərbaycan İrandan ona qarşı atılan addımların eynisi ona qarşı atdı. Molla rejiminin hədyanları Azərbaycanı çəkindirmədi, çəkindirmir. Türkiyə ilə İran sərhədləri yaxınlığında keçirdiyimiz hərbi təlimləri də nəzərə alsaq, Tehranın nədən çəkindiyi aydın olur. Tehran geri çəkilməyə məcburdur, çünki aradakı soyuqluğun səbəbi onun haqsız iddia və ittihamlarına görədir.

Əlbəttə, İran rejimin bu siyasəti keçicidir, ölkəmizə qarşı düşmən mövqeyində heç bir dəyişilik yoxdur. Bu, indinin söhbəti deyil, əsrlərdir belədir. Hesab edirəm ki, Bakı Cənubi Azərbaycan məsələsini gündəmdə saxlamalı, Tehranın davam edən informasiya, hibrid və kəşfiyyat müharibəsinə qarşı adekvat cavab verməlidir”.

Məhəmməd Əsədullazadənin fikrincə, əgər Azərbaycan Laçında dəhliz veribsə, Ermənistan da Zəngəzurda Azərbaycana dəhliz verməlidir: “Belə olan təqdirdə İran Zəngəzur dəhlizi ilə bağlı spekulyasiyalara son qoyacaq. Bir də ki, İranın bölgədə gedən proseslərə təsir edəcək oyunçu olduğunu düşünmürəm. Sadəcə bölgə ölkəsidir, münasibətlər qaydasında olmalıdır. Problem yaradan isə biz yox, molla rejimidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər