Avropa Şurası Parlament Assambleyasının Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi üzrə” məruzəçisi Milisa Markoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə məruzəçinin Sərsəng su anbarı və onun ətrafındakı bölgələrdə su çatışmazlığının yaratdığı vəziyyət barədə hazırlayacağı məruzə ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov xanım Milisa Markoviçə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmış problemlər barədə məlumat verib. Sərsəng su anbarının Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri üçün yaratdığı fəlakətli vəziyyət qonaqların diqqətinə çatdırıb.
Söhbət zamanı Səməd Seyidov hazırlanacaq məruzənin obyektiv və ədalətli olacağına əminliyini ifadə edib.
Milisa Markoviç Bakıda əlaqədar nazirliklərdə görüşlər keçirdiyini qeyd edib. Bildirib ki, nümayəndə heyəti Sərsəng su anbarının yaxınlığında yerləşən Azərbaycanın nəzarətində olan rayonlara da səfər edəcək və vəziyyətlə yerində tanış olacaq. Qeyd edildi ki, məruzənin hazırlanmasında Avropa Şurası Parlament Assambleyasının bu işə cəlb etdiyi mütəxəssislər də yaxından iştirak edəcəklər.
Nemət