Elmar Məmmədyarov: “Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın bütün maddi mədəniyyət abidələrini məqsədyönlü şəkildə məhv edib”
Bu gün Bakıda TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin V görüşü başlayıb. İclasda xarici işlər naziri Elmar Məmmədyarov açılış nitqi ilə çıxış edib.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumata görə, nazir TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin növbəti görüşünün Bakıda keçirilməsinin təsadüfi olmadığını bildirib. O qeyd edib ki, bu il biz həm də YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 20 illik yubileyini qeyd edirik: “20 ildir ki ölkəmiz YUNESKO ilə təşkilatın bütün vacib istiqamətləri, o cümlədən, təhsil, elm, mədəniyyət, kommunikasiya və digər sahələr üzrə sıx əməkdaşlıq edir. Azərbaycan təşkilatın demək olar ki, bütün konvensiyalarına qoşulub, müxtəlif komitələrinin üzvü olub, bir çox beynəlxalq tədbirlərinə ev sahibliyi edib. Azərbaycan prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizdə sosial, iqtisadi, mədəni və digər sahələrdə surətli inkişafı təmin etməklə yanaşı dövlətimizin dünyada sülhün, əmin-amanlığın, həmçinin qlobal mədəniyyətlərarası dialoqun və dinlərarası tolerantlığın gücləndirilməsi sahəsində fəaliyyəti də genişləndirib. Bu istiqamətdə YUNESKO və TÜRKSOY-un iştirakı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar Forumlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Hər il təşkil olunan Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın tanınmış dövlət xadimləri, Nobel mükafatı sahibləri, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak edərək öz dəyərli fikirlərini bölüşürlər”.
E.Məmmədyarov qeyd edib ki, bugünkü tədbirdə TÜRKSOY, YUNESKO ilə yanaşı, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, Ağsaqqallar Şurası, Beynəlxalq Türk Akademiyasının rəhbər və təmsilçiləri, eyni zamanda TÜRKSOY-a üzv ölkələrin, eləcə də müşahidəçi ölkələrin YUNESKO üzrə Milli Komissiya və Komitələrinin Baş katib və nümayəndələri iştirak edir: “Biz çox sevinirik ki, eyni qədim tarixə, kökə, dil və mədəniyyətə sahib olan xalqlarımız indi bir-birinə daha da yaxınlaşır. Mütəmadi olaraq dövlət başçıları səviyyəsində keçirilən Türkdilli ölkələrin zirvə görüşləri və bu görüşlərdə qəbul olunmuş qərarlara uyğun olaraq Türkdilli ölkələrin bir-biri ilə əməkdaşlıq imkanlarını daha da genişləndirən qurumlar yaradılır. Bu isə qardaş türk xalqlarının bir-birinə bağlanmasında və qarşılıqlı etimada əsaslanan möhkəm birliyə çevrilməsində vacib rol oynayır. Yaxın zamanlarda fəaliyyətə başlayacaq Türk İrsi və Mədəniyyəti Fondu da xalqlarımızı bir-birinə daha da yaxınlaşdıraraq türkdilli xalqların mədəniyyətlərinin qorunması istiqamətində müxtəlif layihələri həyata keçirəcək, bu irsin gələcək nəsillərə ötürülməsinə öz töhfələrini verəcək”.
Nazir bildirib ki, Azərbaycan-YUNESKO münasibətlərinin inkişaf etdirilməsi, mədəni irs nümunələrimizin dünyada təbliği, onların qorunması və gələcək nəsillərə ötürülməsində Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir: “Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, ölkəmizin maddi və qeyri-maddi irsinə qayğı göstərilməsində, həmçinin Azərbaycanda və xarici ölkələrdə tarixi, dini, mədəni abidələrin bərpası, məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları və s. elmi, mədəni və sosial mərkəzlərin açılması sahəsində Heydər Əliyev Fondunun çox böyük töhfəsi var”.
XİN başçısı qeyd edib ki, 2013-cü ildə Parisdə bir çox genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün Azərbaycan tərəfindən təşkilata 5 milyon ABŞ dolları məbləğində maliyyə töhfəsi ayrılmasını nəzərdə tutan “Azərbaycan hökuməti ilə YUNESKO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” imzalanıb:
“Bu uğur və nailiyyətlərlə yanaşı, mən həm də regionumuz təhlükəsizliyinə təhdid olan məsələyə – Ermənistan-Azərbaycan münaqişəsinə də toxunmaq istəyirəm. İyirmi ildən artıqdır ki, Azərbaycana məxsus Dağlıq Qarabağ və yeddi ətraf rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan artıq soydaşlarımızın ən fundamental insan haqları kobudcasına pozulub və onlar qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olublar. Bizim təşəbbüsümüzlə YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunmasına dair qərar qəbul edib. Təəssüflər olsun ki, Ermənistan bu illər ərzində nə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələri, nə də YUNESKO tərəfindən qəbul edilmiş bu qərarın tələblərini yerinə yetirməyib. Ermənistan bizim işğal altında olan Qarabağ və digər ətraf rayonlarımızda bütün maddi mədəniyyət abidələrimizi məqsədyönlü şəkildə məhv edib, dağıdıb, habelə muzeylərimizi talan edib. Dünyada min illərlə yaradılan hər hansı mədəni abidələrin, dini abidələrin, ümumiyyətlə mədəni dəyərlərin məhv edilməsindən, insanların günahsız yerə öldürülməsindən daha dəhşətli heç nə ola bilməz. Biz TÜRKSOY və YUNESKO vasitəsilə ortaq mədəni irsimizin qorunması, dünyada tanıdılması istiqamətində əməkdaşlıq imkanlarının genişləndirilməsi və gələcək nəsillər üçün sağlam mədəni irsin qoyulması işində səylərimizi qətiyyətlə davam etdirməliyik”.
Səxavət