Seyid Camal Əzimbəyli: "Bu, tolerantlıqdan da irəlidədir"
Pakistanda "Taliban" terror təşkilatının hərbi məktəbə hücum edərək 141 şagirdi qətlə yetirməsi İslam dünyasında dəhşətli hadisə kimi yadda qaldı. O cümlədən İŞİD terror təşkilatı günbəgün öz qanlı əməllərini genişləndirərək, günahsız insanları qətlə yetirməkdə davam edir.
Qeyd edilən hər iki faktın özündə İslama kölgə salmaq, dünyada "vəhşi müsəlman" obrazı yaratmaq maraqlarının durması açıq şəkildə özünü göstərir. Bu gün bir çox müsəlman ölkələrində də gərginliyin yaşanması, müharibələrin getməsi heç də təsadüfi deyil.
Azərbaycanda da müxtəlif dövrlərdə müsəlmanlar arasında ixtilaf yaratmağa cəhdlər olub. Lakin xalqımız buna imkan verməyib. Müsəlmanlara rəhbərlik edən şeyxülislamlar dini dönüzümlülüklə bağlı çağırışlar edib, cüzi bir ixtişaş yarananda qarşısını alıblar.
Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra ölkəmizə yeni təriqətlər, məzhəblər ayaq açmağa başladı. Onların missionerliyi nəticəsində cəmiyyətdə bu gün də qəbul olunmayan xoşagəlməz hallar meydana çıxdı. Lakin ölkədə iqtisadi-sosial durum sabitləşdikcə, bu zərərli qüvvələr dövlət orqanları tərəfindən ifşa edilərək sıradan çıxarıldı.
Yaxın Şərqdə və bütövlükdə müsəlman ölkələrində vəziyyətin gərginləşdiyi bir məqamda İslamın Azərbaycan modeli özünü təsdiq etmiş oldu. Bu model özündə müxtəlif dinlərə, məzhəblərə tolerant münasibəti ilə yanaşı, həm də birgə yaşamağı təlqin etdi.
Bu gün Azərbaycanda dövlət- din münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bu siyasət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həyata keçirilir və artıq bu qurumların apardığı maarifləndirmə işləri öz nəticəsini verməkdədir.
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəyli qeyd etdi ki, Azərbaycanda istər dinlərarası, istərsə də məzhəblərarası tolerantlıq nəinki müsəlman ölkələrindən, hətta Avropadan, Amerikadan yüksək səviyyədədir. Onun sözlərinə görə, Azərbaycan dövlətinin və xalqının genefondundan qaynaqlanan bu tolerantlıq birmənalı olaraq heç bir ölkə ilə müqayisə oluna bilməz: "Yaxın Şərqdə və digər müsəlman ölkələrində baş verən proseslər dövlət-din münasibətlərinin zamanında lazımınca qurulmamasının acı nəticəsidir. Amma Azərbaycanda bu münasibətlər son 20 ildə elə yüksək səviyyədə qurulub ki, xırda qüsurları nəzərə almasaq, demək olar ki, digər müsəlman ölkələrinin həsəd aparacağı vəziyyətdədir. Bu da ondan irəli gəlir ki, Azərbaycanda ənənəvi məzhəblər qardaşlıq səviyyəsindədir. Bu tolerantlıqdan da irəlidədir. Amma təbii ki, İslam adına iddia edən və dinə aidiyyəti olmayan, xüsusilə bizi istəməyən ölkələrin Azərbaycanda qanunazidd fəaliyyəti olub. Həqiqi İslam adına xidmət edən ölkə dindarları zaman-zaman bunun qarşısını alıb".
C.Əzimbəyli əlavə etdi ki, Azərbaycandakı İslam modeli nəinki digər ölkələrə örnəkdir, həmçinin o ölkələr bundan istifadə etməlidir: "Azərbaycan dövlətinin özünün dini məsələlərlə bağlı vahid mövqeyi, siyasəti sevindirici nailiyyətdir. Vaxt var idi, qardaş Türkiyənin özünü istinad götürürdük və istəyirdik ki, bu mexanizm bizə gətirilsin. Amma bu gün Azərbaycanın tolerantlıq, qardaşlıq münasibətləri, İslam modeli dünyanın nəinki müsəlman, hətta inkişaf etmiş ölkələrinə ixrac edilməlidir. Əgər bu model tətbiq edilərsə, İraqda, Suriyada, Pakistanda və digər ölkələrdə baş verən qanlı olayların qarşısı alınmış olar".
BƏXTİYAR