23 Dekabr 2014 14:04
2 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

MSK-ya indiyə qədər sorğu xarakterli müraciətlər daxil olub. Lakin heç bir şikayət edilməyib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri sosial şəbəkələrdə seçki saxtakarlığı ilə bağlı yayılan videogörüntülərə də münasibət bildirib: “Mənə həmin videogörüntüləri göstəriblər. Bununla bağlı araşdırma aparmaq lazımdır. Lakin hələlik bu məsələ haqda da bizə şikayət daxil olmayıb”.

M. Pənahov seçki prosesinin normal keçdiyini bildirib: “MSK tərəfindən azad şəkildə səs vermək üçün lazım olan tədbirlər həyata keçirilir. Yerlərlə fasiləsiz əlaqə saxlayırıq. İndiyə qədər seçkilərin nəticələrinə təsir edəcək xoşagəlməz hadisə qeydə alınmayıb. Əgər hansısa pozuntu haqda məlumat daxil olsa, dərhal araşdırılıb lazımi tədbirlər görüləcək. Hazırda seçki fəallığı da yüksəkdir. Bu ilki bələdiyyə seçkiləri ötən bələdiyyə seçkiləri ilə müqayisədə seçici fəallığı ilə fərqlənir. Misal üçün, ötən bələdiyyə seçkilərində səhər saat 10:00-na olan fəallıq 8 faiz idisə, bu ilki seçkilərdə 10 faizdən artıqdır. Saat 13:00-a olan məlumata görə, seçici fəallığı 20 faizdən çoxdur. Göründüyü kimi, cəmiyyət tərəfindən seçkilərə maraq yüksəkdir. Bu seçkilərdə 1607 bələdiyyəyə 15035 üzv seçməliyik. Namizədlərin sayının 37077 olması yüksək göstəricidir”.

MSK sədri işğal altında olan rayonlarda seçki keçirilmədiyini də qeyd edib.

M. Pənahov seçki bitəndən sonra ilk olaraq daşınan qutuların açılacağını diqqətə çatdırıb.

“Daşınan qutulara nəzarəti aşağı seçki komissiyaları və mətbuat nəzarət etməlidir. Bununla bağlı edilən müraciətlərdə konkret hər şey göstərilib. KİV nümayəndələri üçün bütün şərait yaradılıb. Axşam seçkinin sonunda da ilk olaraq daşınan qutular mətbuat nümayəndələrinin iştirakı ilə açılacaq”, - deyə MSK sədri vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər