11 Yanvar 2023 17:52
9 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda vahid mövqe formalaşıb: Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk etməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Azərbaycan dövlət başçısının Rusiya sülhməramlıları ilə bağlı fikrinə diqqət çəkib:

“Prezident İlham Əliyev televiziya kanallarına verdiyi geniş müsahibədə Rusiya hərbi kontingentinin Qarabağdakı missiyasının 2025-ci ildə başa catacağını bir daha xatırladıb. Bununla İlham Əliyev həm Moskvaya, həm İrəvana, həm də Qarabağdakı separatçılarına mesaj göndərib ki, rəsmi Bakı Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmayacaq və onlar siyasətlərini Bakının bu qərarına görə müəyyənləşdirməlidirlər.

İlham Əliyevin bu yanaşması Kremlin xoşuna gəlməyəcək. Moskva Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmaq istəyir. Ancaq Moskva başqa bir dilemmayla da üzləşib. Qarabağda Rusiya hərbi kontingentini Ermənistan Baş naziri Nikol Paşinyan da istəmir, ancaq onun arqumenti fərqlidir.

İlham Əliyevin açıqlamasıyla eyni gündə Paşinyan Rusiya hərbi kontingentinin beynəlxalq qüvvələrlə əvəz olunması təklifini təkrarlayıb. Bu da Kremlin xoşuna gəlməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov deyib ki, Qarabağa BMT sülhməramlılarının missiyası münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər. Peskov bu cümləsiylə Rusiya Prezidenti Vladimir Putinin mesajını Paşinyana ünvanlayıb. Bu məsələdə Moskva ilə Bakının maraqları üst-üstə düşür”.

Elxan Şahinoğlu bildirib ki, Kreml İlham Əliyevin “Rusiya hərbi kontingentinin Qarabağdakı missiyasının vaxtı 2025-ci ildə başa catacaq” fikrinə münasibət bildirməzkən, Paşinyanın açıqlamasına dərhal cavab verib:

“Məsələ sadədir. Azərbaycanın 10 noyabr bəyanatına görə Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini uzatmamaq səlahiyyəti var və Kreml buna qarşı rəsmi etiraz bildirmir, Ermənistanın isə Rusiyanı BMT ilə əvəz etmək səlahiyyəti yoxdur. Ancaq bu bizi rahatlatmamalıdır.

Kremlin Rusiya hərbi kontingentinin bölgəni tərk etməməsi üçün erməni separatçılarıyla və Xankəndiyə göndərdiyi Ruben Vardanyanla birgə Azərbaycana qarşı müxtəlif təxribatlar hazırlayacağı istisna deyil. Bütün hallarda Azərbaycanda vahid mövqe formalaşıb: Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk etməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu