27 Yanvar 15:05
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran Tehrandakı səfirliyimizdə terror aktı törətməklə Azərbaycana qarşı olan düşmənçiliyini bir daha təsdiqlədi. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb”.

Teleqraf.com xəbər verir ki, bunu “Cümhuriyət” qəzetinin baş redaktoru, siyasi ekspert Rəfail Becanov deyib.

Onun sözlərinə görə, hazırda bu xain hücum üzrə araşdırma gedir:

“Göründüyü kimi, İranda Azərbaycana qarşı illərlə davam edən və Vətən Müharibəsindəki qələbəmizdən sonra açıq müstəviyə keçən düşmənçilik səfirliyə silahlı hücumla nəticələndi.

Xain hücum İranın Azərbaycanla münasibətlərini daha da gərginləşdirmək üçün hətta insan ölümündən belə çəkinmədiyini göstərir. Dəfələrlə İranın Azərbaycan qarşı təxribatına şahid olmuşuq. Bu təxribatlar bir çox hallarda açıq təhdid formasına keçib, İranın qalib Azərbaycan əvəzinə məğlub Ermənistanla münasibətləri inkişaf etdirərək az qala işğal faktına haqq qazandırmağa yönəlik siyasəti, bu ölkədə yaşayan milyonlarla Azərbaycan türkünün hüquqlarının pozulması ciddi narazılıq yaradır.

İran bütün “qırmızı xətlər”i keçərək, Azərbaycan qarşı düşmənçilik siyasətini səfirliyə hücum səviyyəsinə qədər apardı. Beynəlxalq konvensiyaya görə, səfirliyin təhlükəsizliyinn təmin edilməsi həmin ölkənin borcudur, amma molla rejimi beynəlxaq sənədlərlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib”.

Rəfail Becanov qeyd edib ki, SEPAH-ın dünyada terror təşkilatı kimi tanınması ətrafında müzakirələrin artdığı vaxtda Azərbaycan səfirliyinə hücum deyilənlərin təsdiqini tapmasına işarədir:

“Bu hücumun da SEPAH-ın xüsusi hazırlanmış şəxsləri tərəfindən həyata keçirilməsi istisna deyil. Azərbaycan regionda, eləcə də dünyada artan nüfuzundan, Türkiyə ilə müttəfiqlikdən və möhkəmlənən mövqeyindən narahat olan İran bilməlidir ki, ölkəmiz belə təhdidlərlə öz mövqeyindən bir addım da geri çəkilməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu