Əli Əhmədov: “Hər bir vətəndaş məmnunluq hissi ilə dərk edir ki, Azərbaycanın inkişafı prezident İlham Əliyevin adı ilə bağlıdır”
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “İnkişafın 10 ili: 2004-2014” mövzusunda konfrans keçirilib. Teleqraf.com-un məlumatına görə, konfransda dövlət və hökumət nümayəndələri, YAP-ın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, YAP fəalları iştirak ediblər.
Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi, baş nazirin müavini Əli Əhmədov konfransın əlamətdar bir gündə keçirildiyini nəzərə çatdıraraq deyib ki, dekabrın 24-ü Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür. O, bu əlamətdar gün münasibəti ilə prezident İlham Əliyevi tədbir iştirakçıları və çoxminli YAP üzvləri adından təbrik edib.
Ə.Əhmədov bildirib ki, son 10 il Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılacaq bir dövr olub. Onun sözlərinə görə, bu dövrdə Azərbaycan dünyada bənzəri olmayan iqtisadi inkişafa nail olub, beynəlxalq arenada nəinki siyasi müstəqilliyini qoruyub saxlayıb və möhkəmləndirib, hətta BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzü seçilib: “Bütün bu nailiyyətlər prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticəsidir. Bu uğurlu siyasətin əsasını isə Heydər Əliyevin ideyaları təşkil edib. Azərbaycan xalqı baş verən müsbət dəyişiklikləri birbaşa öz həyatında hiss edir. Artıq Azərbaycan vətəndaşları azadlığın yalnız obyektiv həqiqət deyil, real imkanlardan ibarət olduğunu başa düşürlər. Daha yaxşı yaşamaq, həyat səviyyəsini yüksəltmək, yüksək səviyyəli təhsil almaq və bu kimi digər imkanlardan istifadə edən insanlar, bu imkanların prezident tərəfindən yaradıldığını bilir və qiymətləndirirlər. Bugünkü sabitlik və iqtisadi inkişaf üçün ümummilli lider Heydər Əliyev böyük əmək sərf edib”.
Ə.Əhmədov daha sonra deyib: “Hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, Azərbaycanın son 10 ildə əzəmətli inkişafı birbaşa cənab prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycanın bu inkişafını XXI əsrin ilk 10 ilinin iqtisadi möcüzəsi adlandırmaq olar. Bu müddət ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb. Dünya tarixində belə qısa müddətdə iqtisadiyyatında 3 dəfə artım müşahidə edilən ölkə olmayıb. Bu illər ərzində Azərbaycan bütünlükdə dəyişib. Azərbaycan möhtəşəm müasirləşmə, inkişaf dövrü yaşayır”. Onun sözlərinə görə, bu, təkcə iqtisadi deyil, həmçinin insanların nəzərində dəyişiklikdir:
“Bu gün insanlar sabaha ümidlə baxır, özlərinə daha çox inanırlar”.
Ə.Əhmədov vurğulayıb ki, bu, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında özünü göstərir: “Buna təkcə bir nümunə göstərmək kifayətdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması ölkəmizin beynəlxalq aləmdə nüfuzunun göstəricisidir. Azərbaycan, həmçinin ciddi regional əhəmiyyətə malikdir”. YAP-ın sədr müavini əlavə edib ki, ümummilli lider Heydər Əliyevin siyasəti əsasında son 10 il ərzində prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yeni bir məmləkətə, yeni bir cəmiyyətə çevrilib.
Perspektiv məsələlərdən də danışan Ə.Əhmədov bildirib ki, növbəti illərdə də Azərbaycan dövlətinin qarşısında böyük işlər dayanır. “Qarşıdakı illərdə də iqtisadi rəqabət qabiliyyətinin, insanların rifah halının və həyat şəraitinin daha da yüksəldilməsi nəzərdə tutulub. Bu işlərin həyata keçirilməsi üçün yeni dövlət proqramları qəbul edilərək, inkişafın yeni mərhələsinin tələblərinə uyğun qaydada icra olunacaq” – deyə, YAP sədrinin müavini vurğulayıb.
Konfransda, həmçinin, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, energetika naziri Natiq Əliyev, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov geniş məruzə ilə çıxış edərək son illərdə qazanılmış naliyyətlərdən bəhs ediblər.
Səxavət