28 Yanvar 2023 13:05
2 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Laçın dəhlizi ətrafındakı vəziyyət Ermənistanla Azərbaycan arasında sülh prosesinin irəliləməsinə mane olur”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Keren Donfrid “Amerikanın səsi”nin Ermənistan bölməsinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə son telefon danışıqlarında Laçın yolu məsələsi prioritet olub.

Bundan əlavə, Donfrid bildirib ki, Ermənistan-Azərbaycan danışıqlar prosesində başqa maneələr də mövcuddur:

“Əlbəttə, iki ölkə arasında münasibətlərin onilliklər boyu ağrılı tarixi var. Həm Ermənistan, həm də Azərbaycan tərəfinin anlaşılan narahatlığı var və bu iki ölkə arasında etimadın olmadığını da qeydə alırıq”.

Diplomat qeyd edib ki, Blinkenin gündəliyinə sülh sazişi, sərhədlərin demarkasiyası, ölkələr arasında nəqliyyat əlaqələrinin yenidən açılması da daxil olmaqla bir çox mürəkkəb məsələlərin müzakirəsi daxildir. ABŞ-ın tərəflər arasında birbaşa dialoqu dəstəklədiyini və bunun zəruriliyini önə çəkdiyini bildirən dövlət katibinin müavininin fikrincə, yalnız bu yolla yuxarıda qeyd olunan mürəkkəb məsələlərin həllinə nail olmaq olar.

“İnanırıq ki, həm Ermənistan, həm də Azərbaycan bu prosesə dərindən sadiqdir. Sülhə nail olmaq üçün qəbul edilməli olan ağır qərarların İrəvanda və Bakıda verilməli olduğunu anlayaraq hər cür kömək etməyə hazırıq”, - Donfrid bildirb.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı problemlərin hərbi yolla həlli mümkün deyil və yeganə yol sülh prosesi vasitəsilə diplomatik həlldir: “Vəziyyətin gərginləşməsini görmək istəməzdik. İki ölkə arasında vəziyyətin hərbi yolla həllini görmürük və əvvəlki kimi diplomatik əlaqələrimizi davam etdirəcəyik, birincisi, gərginliyin baş verməməsini təmin etmək, ikincisi isə müsbət irəliləyişə kömək etmək nəzərdə tutulur”.

Donfrid Ermənistanın Azərbaycanla sərhədinə nəzarət etmək üçün bu ölkəyə mülki missiya göndərdiyinə görə Avropa Birliyinə minnətdarlığını bildirib və əlavə edib ki, bu, ABŞ-ın tam dəstəklədiyi təşəbbüsdür.


Müəllif: Mənsur Rəğbətoğlu