28 Yanvar 2023 23:47
1 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan səfirliyində törədilmiş terror aktının arxasında İran dövləti dayanır”.

Bunu Teleqraf.com-a açıqlamasında Ağ partiyanın sədri Tural Abbaslı deyib.

Partiya rəhbəri molla rejiminin törətdiyi cinayətdən yayınmağın yollarını axtardığını bildirib:

“İran dünyada sanksiyalara məruz qalmış ölkədir. İnsan haqlarından tutmuş digər bütün beynəlxalq hüquq normalara əməl etməməyə, nüvə silahı əldə etmə və terrorun maliyyələşdirilməsinə qədər bir çox ittiham qarşısındadır. Yəni İran dünya birliyindən qovulmuş, təklənmiş və sanksiyaların məngənəsində sıxılıb qalan bir ölkədir.

Bu durumda ona qarşı çıxmayan yeganə ölkə qonşusu Azərbaycan idi. Ona qarşı sanksiyalara və təzyiqlərə qoşulmadıq, öz ərazimizdən İranın əleyhinə istifadə edilməsinə imkan vermədik. Amma molla rejimi bunu qanmadı və Azərbaycana qarşı təhdidlərə, hədə-qorxu gəlməyə başladılar, hədyanlar danışdılar.

Bu da bəs etmədi, gedib Türk-İslam dünyasının ən böyük düşməni olan Ermənistanla əlaqələri möhkəmlətdilər, lazım olmaya-olmayan Zəngəzurda konsulluq açdılar. Yenə ürəkləri soyumadı, Tehranla İranı “qardaş”laşdırdılar.

Bütün bu məntiqi ardıcıllıq terrorla nəticlənməliydi və bu gözlənilirdi. Ancaq necə olacağı bilinmirdi. Beləliklə, səfirliyimizə xaincəsinə, şərəfsizcəsinə bir hücum oldu. Səfirliklər yerləşdiyi ölkələrin təhlükəsizik qurumlarına əmanətdir. Bu gün xarici ölkələrin Bakıdakı səfirlikləri Azərbaycanın hüquq mühafizə orqanlarına əmanət olunub. Amma İran bizim ona əmanət etdiyimiz insanları güllələdilər.

Bundan sonra demək olar ki, bütün ölkələr İranı qınayan bəyanatlar verdilər. Gördülər ki, təklənirlər, İranın adı yaddaşlarda terrorçu dövlət kimi qalacaq, bunu “şəxsi zəmin”də yozmağa başladılar. Guya kiminsə arvadı səfirlikdə imiş və sair. İndi hər arvadı Azərbaycana gələn əlinə əlinə silah alıb səfirliyə hücum etsə, bunun axırı necə olacaq? Təbii ki, bu bəhanədir”.

Tural Abbaslının sözlərinə görə, İran baş vermiş qanlı aktın məsuliyyətini üzərindən atmaq üçün ortaya müxtəlif bəhanələr atmağa çalışır:

“Təəssüf ki, öz içimizdəki xainlər də İranın versiyasını səsləndirirlər, guya obyektiv görünməyə çalışırlar. Bu məsələdə reallıq odur ki, bu terror aktında Azərbaycanın bir günahsız övladı qurban olub, şəhid olub. İndi onun iki övladı yetim qalacaq. “Məişət zəmini” iddiası nağıldır. Onda İranın ölkəmizdəki səfirliyinin əməkdaşlarının yarısının azərbaycanlılara borcu var. Bakıda qeyri-leqal şəkildə bizneslə məşğuldurlar. Bəs onda biz nə edək?

İranın dilə gətirdiklərinin hamısı bəhanədir. İran bir addım atıb, terror aktı törədib. Bu, İranda dövlət səviyyəsində təşkil olunmuş bir terror aktıdır. Çünki baş vermiş hadisəni kadr-kadr analiz edəndə görürsən ki, dövlətin hansısa xüsusi qurumlarının dəstəyi olmadan belə addım atmaq olmaz.

Dünyanın harasında görmüsünüz ki, gedib terrorçudan müsahibə alırlar?! Amerika terrorçunun nəşini, meyitini belə vermir, aparıb ya dənizin ortasına atır, ya da gizlədir. İran isə terrorçuya mikrofon uzadır və “mədəni dil”də rəy alır. Utanmasalar, ondan beynəlxalq vəziyyəti də şərh etməyi xahiş edərlər. Bu onu göstərir ki, terror aktının arxasında İran dövlətinin özü durub. Sadəcə olaraq, olaydan sonra yaranmış beynəlxalq ajiotajdan çəkindiyi üçün məsuliyyəti öz üzərindən atmaq istəyir. Öldürən bəlli, adı bəlli, soyadı bəlli, terror aktının dəlilləri və silah ortada...

Qisas almaq, kiminləsə dalaşmaq istəyən adam qapının ağzında gözləsin. Gözlədiyi adam çölə çıxanda dalaşsın, yumruq-təpik atsın. Amma sən əlinə avtomat alıb, qabağına çıxanı güllələyirsən. Bu, terror aktıdır. İran sadəcə atdığı addımın arxasında dura bilmir, ona görə də sağa-sola burcudur”.


Müəllif: Mənsur Rəğbətoğlu