31 Yanvar 14:56
1 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrana qarşı koalisiya formalaşarsa, Paşinyan böyük ehtimalla neytral mövqedə qalmağa çalışacaq. Bu isə nə Vaşinqtonun, nə də Tehranın xoşuna gələcək”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertləri təhlildə ermənilərin Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasına diqqət çəkirlər:

“Erməni saytları və erməni lobbisinə bağlı mərkəzlər Azərbaycana qarşı növbəti dezinformasiya yayıblar, guya İsrail İrana qarşı hücumlarda Azərbaycan ərazisindən istifadə edib. Bu xəbərləri erməni saytları və İrandakı radikal dairələr keçmiş illərdə də tirajlayırdılar, ancaq ortada heç zaman fakt olmayıb. Dezinformasiyanın məqsədi İran-Azərbaycan münasibətlərinin hazırkı gərginliyini iki ölkə arasında qarşıdurma səviyyəsinə çatdırmaqdır. Azərbaycan İran münasibətləri gərgin olsa da, biz heç bir dövlətin Azərbaycan ərazisindən İrana qarşı istifadəsinə imkan vermərik. Bu, Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir.

Erməni ekspertlər isə açıq bildirirlər ki, Azərbaycana qarşı mübarizədə İrana informativ dəstəyi artırmaq lazımdır. Bunlar “İrana informativ dəstək” dedikdə, Azərbaycana qarşı təxribatçı xəbərlərə əsaslanan informasiya müharibəsini nəzərdə tuturlar.

Əslində, ermənilərin bu yanaşmasından öz məqsədlərimiz üçün istifadə edə bilərik. Biz bölgədə müharibənin əleyhinəyik. Ancaq əgər İrana qarşı koalisiya formalaşdığı halda Ermənistan İrana dəstəyini artırarsa, Qərb ölkələrində Ermənistanın mövqeyinin zəifləməsinə nail ola bilərik. Bunun üçün diplomatik fəallığı artırmaq lazım gələcək”.

Təhlildə qeyd olunur ki, İran ətrafında baş verənlər Ermənistanın siyasi dairələrini çətin duruma salıb:

“Rəsmi İrəvan baş verənlərə hələ ki, münasibət bildirmir. Ancaq vəziyyətin gərginləşəcəyi halda Tehran İrəvandan qəti mövqe tələb edəcək. Tehran Ermənistana illərdir verdiyi dəstəyin, Zəngəzur dəhlizinə yaratdığı əngəlin əvəzini istəyəcək.

Ermənistan Baş naziri Nikol Paşinyan İranla sıx münasibətlər fonunda ABŞ və Fransa ilə münasibətlərin inkişafına ümidlidir. İrana qarşı koalisiya formalaşarsa, Paşinyan böyük ehtimalla neytral mövqedə qalmağa çalışacaq. Bu isə nə Vaşinqtonun, nə də Tehranın xoşuna gələcək”.


Müəllif: Mənsur Rəğbətoğlu