1 Fevral 2023 20:13
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev fevralın 1-də Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edib. Prezident qəbul zamanı iki ölkənin liderlərinin Azərbaycan-Türkiyə birgə universitetinin yaradılmasına razılaşdıqlarını xatırladıb və onun önəmini vurğulayıb.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Teleqraf.com-a bildirib ki, iki ölkə arasında birgə universitetinin yaradılması çox dərin və uzaqgörən siyasətin nəticəsində baş verə bilər.

“Prezidentin Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması ideyası ölkəmizin təhsilinə, elminə və maarifinə son dərəcə xeyir gətirən bir məsələ ola bilər. Əlbəttə, universitetlərin sayının çox olması bütövlükdə millətin, tərəqqinin xeyrinədir və onun yolunda atılan addımlardır. Həmişə olduğu kimi, cənab Prezident bu dəfə də siyasi uzaqgörənliyini ortaya qoyur. Çox alqışlanmalı bir hərəkətdir”, - deyə akademik qeyd edib.

Kamal Abdulla Azərbaycan-Türkiyə universitetinin hər iki xalqın maariflənməsi baxımında açıq formatda olmasını məqsədəuyğun hesab edib: “Azərbaycan-Türkiyə birgə universiteti hər iki ölkənin təhsil sahəsindəki qanunlarını nəzərə alan ali təhsil müəssisəsi kimi fəaliyyət göstərməlidir. Bura universitet fəaliyyəti ilə yanaşı, həm də elə bir məkan olmalıdır ki, hər iki ölkənin alimləri bu məkanın içərisində formalaşsın. Bu isə elmlərin, layihələrin, elmi istiqamətlərin bir hədəfə yönəlməsi deməkdir. Bu, çox vacib məsələdir”.


Müəllif: Yeganə Oqtayqızı