10 Fevral 2023 12:56
2 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan baş nazirinin son bəyanatları Rusiyanın xoşuna gəlməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Bağdasaryan deyib.

“Heç vaxt eşitməmişəm ki, Azərbaycan rəsmi şəkildə belə bir bəyanat versin ki, Ermənistan və Rusiya birlikdə ona hücum etməyə hazırlaşır. Heç vaxt belə bir bəyanat verilməyib, ona görə də Nikol Paşinyanın niyə belə bir bəyanatla çıxış etdiyi anlaşılan deyil. Rusiya bu bəyanatı heç yaxşı qarşılamayacaq, çünki belə çıxır ki, Avropa İttifaqının müşahidə missiyası Ermənistan və Rusiya silahlı qüvvələrinin hərəkətlərini müşahidə edərək Ermənistana gələcək. Bu, qətiyyən qeyri-mümkündür, ilk növbədə Rusiya özü belə bir şeyə yol verməz. KTMT-yə üzv dövlətin KTMT qoşunlarını müşahidə etmək üçün Avropa İttifaqının müşahidəçilərini öz ərazisinə dəvət etməsi çox qəribədir. Belə bir şey ağlasığmazdır. Bu, Rusiyanın çox mənfi münasibətinə səbəb olacaq”, - ekspert qeyd edib.

Bağdasaryan Ermənistan baş nazirinin şüurlu şəkildə Rusiyanın qəzəbini alovlandırıb-alıovlandırmadığını bilmədiyini söyləyib:

“Dəqiq deyə bilmərəm. Paşinyanın xarici siyasət məqsədlərini anlamıram, əgər o, hamı ilə münasibəti korlamaq niyyətindədirsə və düşünürsə ki, bu, onun xeyrinədir, aydındır, amma Ermənistanın maraqlarını rəhbər tutmağa çalışırsa, niyə belə etdiyi bəlli deyil. Baş nazirin real məqsədlərini bilmirəm”.

Politoloq Paşinyanın Ermənistanın xarici siyasətini Rusiyanın əleyhinə dəyişməyə çalışdığını da vurğulayıb:

“Paşinyan desə də, bunda heç bir geosiyasi kontekst yoxdur, bu, doğru deyil. Belə bir çətin dövrdə Avropa İttifaqı bu qədər vəsait xərcləməzdi və Ermənistana uzunmüddətli müşahidə missiyası göndərməzdi. Burada böyük geosiyasi məsələ var. Görünən odur ki, Qərbin bizim regionda konkret məqsədləri mövcuddur. Əks halda, eyni Qərb konkret məqsədləri olmayan bir sahəyə girməzdi. Bu, Qərbin Ermənistanda vektoru dəyişməyə yönəlmiş addımıdır”.

Qeyd edək ki, Paşinyan bundan əvvəl parlamentdə niyə KTMT-nin müşahidə missiyasından imtina edib, Aİ-nin eyni təklifinə müsbət cavab verməsindən danışarkən Azərbaycanla bağlı sərsəm iddia irəli sürüb:

“Azərbaycan Avropa İttifaqının bölgəyə missiya göndərməsindən əvvəl Qərb platformalarında bizi ittiham edirdi ki, Ermənistan baş naziri Ermənistan-Azərbaycan sərhədinə getdikcə daha çox rus qoşunu gətirir. Bunu da Ermənistan və Rusiyanın ona qarşı birgə təcavüzkar hücuma hazırlaşması ilə izah edirdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər