“Birləşmiş Ştatlar istər ikitərəfli formatda, istər Avropa Birliyi mexanizmləri, istərsə də ATƏT vasitəsilə istənilən istiqamətdə sülhün dəstəklənməsi üzrə əməkdaşlığa sadiq qalır”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazda sülhün dəstəklənməsi təkcə ABŞ administrasiyası üçün deyil, həm də dövlət katibi Entoni Blinken üçün dəyişməz prioritet olaraq qalır.
“Rusiyanın Qərb təşəbbüslərinə reaksiyasına gəlincə, fakt ondan ibarətdir ki, Rusiyanın aqressiyası və birtərəfliliyi Minsk qrupunun həmsədrlik formatında sərmayə qoyulmuş səylərə və səmərəli iş üçün ciddi perspektivlərə zərbə vurub”, - Patel əlavə edib.
Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun işinin qarşısının alınmasının və bu strukturun faktiki fəaliyyət göstərməməsinin əsas günahkarlarının ABŞ və Fransa olduğunu demişdi.