Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri, professor Əlizamin Sadıqov Teleqraf.com-un sualların cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Əlizamin doktor, Türkiyədə baş vermiş zəlzələdən sonra bəzi suallar gündəmə gəldi. Öncə bir suala vaban verməyinizi istərdik: insan uçqun altında ac-susuz nə qədər qala bilər?
- İnsanın havasız, susuz və qidasız şəraitdə nə qədər qalmasının konkret müddət yoxdur. Amma dünya ölkələrində müxtəlif sahələr üzrə tanınmış tibb alimləri hesab edir ki, insan ac-susuz 8-10, yalnız su içəndə isə 60 günədək sağ qala bilər.
- Türkiyədə baş vermiş zəlzələdə daha çox uşaqların sağ çıxdığı müşahidə olundu. Bu nə ilə bağlıdır, fizioloji baxımdan bunun özəlliyi varmı?
- Dağıntılar altından körpələrin daha çox sağ çıxmasını uşaq orqanizminin parametrlərinin kiçik olması ilə əlaqələndirirəm. Dağıntı olarkən böyük insanların bədən ölçüləri dağıntıların təsirinə daha çox məruz qala bilir. Uşaqlarınsa kiçik bir yerdə də qorunması mümkündür.
Düşünürəm ki, fiziki qanunlardan bu məsləyə yanaşmaq daha doğru olardı. Əsas məsələ budur. Yoxsa orqanizmin belə bir fizioloji xüsusiyyəti yoxdur. Təbii ki, uşaqlar daha çox həssasdır, oksigensiz şəraitə, susuzluğa və qidasızlığa daha erkən reaksiya verirlər.
Böyük insanlar dağıntılarda travmatik şok yaşayır. Müxtəlif effektlərdən çoxu dünyasını dəyişir.
- Zəlzələ şəraitində tibbi yardımın spesifikası varmı?
- Belə bir spesifik yanaşma yoxdur. Zəlzələlər, dağıntılar zamanı təxirəsalınmaz tədbirlər görən böyük mərkəzlər var. Burada hansı ilkin tibbi yardımı etmək, yanaşmalar, insanların maksimal olaraq həyatını xilas etmək kimi tədbirlər işlənib hazırlanıb. Amma elə yerlər var ki, buna hazır deyil. Hesab edirəm ki, bu xilasetmə tədbirlərinin öyrənilməsi ilə daha çox insan həyatı xilas etmək mümkün olar.
Tikintilərin, binaların daha möhkəm olması əsas şərtdir. Bu olmayanda təbii ki, dağıntılar da, insan tələfatı da çox olacaq. Nə olur-olsun, mütləq koordinasiya lazımdır. Bu koordinasiyanın əsas tərkib hissəsini həkim briqadası təşkil etməlidir. Həmin tibb personal bu sahə üzrə mütləq ixtisaslaşmalıdır. Yəni sıradan həkimi dağıntı bölgəsinə göndərsək də əlindən bir şey gəlməyəcək.
Ona görə də hesab edirəm ki, zəlzələ və bu kimi təbii fəlakətlər zamanı ilkin tibbi yardım göstərmək üçün xüsusi ixtisaslaşmış həkim briqadasına ehtiyac var. Onlar kimə və necə yanaşmağı bacarmalıdırlar. Hər şey koordinasiyalı təşkil olunduqda nəticə mükəmməl olur. Bu zaman daha çox insan həyatda qalma şansı qazanar.
- Azərbaycanda zəlzələ üzrə ixtisaslaşmış həkimlər varmı?
- Təxirəsalınmaz yardım var. Hətta Tibb Universitetində bununla bağlı yeni bir kafedra da açıldı. Artıq Tibb Universitetinin tələbələrinə təbii fəlakətlər zamanı təxirəsalınmaz yardım tədbirləri öyrədiləcək. Bu, alınan təhsilin bir hissəsi olacaq. Təbii ki, bu, yaxşı haldır.
Təəssüf ki, ölkəmizdə küçədə gedən insana ilkin tibbi yardım praktikası demək olar, yoxdur. Yəni küçədə gedən insan yıxılırsa, gələn təxirəsalınmaz yardım həkimi də bunu bacarmır. Çünki yanaşması yoxdur.
Bildiyim qədərilə Azərbaycanda türk uzaman doktorlarla birlikdə fövqəladə vəziyyət yarananda davranış metodologiyasının öyrənilməsi üzrə yeni bir departament yaradılıb.
- Dağıntıdan çıxan insanlara ilk yardım necə olmalıdır?
- İlk növbədə tənəffüs yollarının açılmalıdır, boyun fiksasiya olunmalıdır. Daha sonra həyati vacib orqanların - ürək, böyrəklər, beyin, qaraciyərin vəziyyəti yoxlanmalıdır. Yəni bu tədbirlərin görülməsi təbiidir və həkimlərin hamısı bunu bilməlidir. Yeni yaradılan kafedrada bunların hamısı tələbələrə öyrədiləcək. Hesab edirəm ki, bu işin üzərinə gedən həkim bunların hamısını mükəmməl bilməlidir.