13 Fevral 2023 20:28
1 688
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran və Rusiya Zəngəzur dəhlizinin açılmasının qarşısını almağa çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert ikilinin Ukraynadan sonra Azərbaycana qarşı da səylərini birləşdirdiklərini söyləyib:

“İran açıq formada Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsini istəmədiyini bildirib. Molla rejiminin Zəngəzur dəhlizinə qarşı olduğu da bəllidir. Bu baxımdan, dəhlizin açılmasına imkan verməyəcəyini deyəndə, bu projeyə qarşı İrəvan və Moskva ilə kordinasiyalı fəaliyyətdə olduğuna eyham vurur. Zənnimcə, Rusiya da Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Çünki Zəngəzur dəhlizi Böyük Britaniya, ABŞ və digər böyük güclərin dəstəklədiyi Orta Dəhliz projesinin əsas hissələrindən biridir. Qərb Rusiya və İranın Şimal -Cəbub nəqliyyat dəhlizinə alternativ olaraq Orta Dəhlizə üstünlük verir.

Hazırkı situasiyada qlobal geosiyasət meydanında Qərbin əli Rusiyadan daha güclüdür. Qərb Ermənistan rəhbərliyinə real təzyiq edərsə, mənzərə həm də İran-Ermənistan əlaqələri baxımından da dəyişə bilər. Belə bir təzyiq Ermənistanı İrandan uzaqlaşmağa məcbur edəcək.

İran-Ermənistan əməkdaşlığı Qərbin geosiyasi maraqlarına ziddir. Ermənistan isə Orta Dəhlizin müham hissəsi olan Zəngəzur dəhlizinin qarşısını almaq üçün Rusiya ilə yanaşı, İranla da birgə çalışır. Ermənistanın bu iki ölkə ilə yaxınlığı Qərbi razı salmamalıdır. Hələlik isə Nikol Paşinyan Qərbin düşmənləri ilə çiyin-çiyinədir”.

Məhəmməd Əsədullazadənin fikrincə, Qərbin yaxın perspektivdə Ermənistan rəhbərliyinə təzyiq etməyə başlayacağı mümkündür:

“İran-Ermənistan əlaqələri regionda sülhün əldə edilməsinə mane olmaqla yanaşı, təhlükəsizlik risklərini də artırır. Bu isə ABŞ-ın Cənubi Qafqazla bağlı sülh planını sual altında qoyur.

Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılmasına qarşı olan Rusiya və İran sonda geri çəkilməli olacaq. Rusiyanın Ukraynadakı işğalına ortaq olan İranın ümumiyyətlə manevr etmək imkanı yoxdur. Rusiya isə davam etdiyi müharibədə nə irəli gedə, nə də geri çəkilə bilir. Bu durum isə Qərbin Cənubi Qafqazla bağlı projelərinin reallaşmasına münbit zəmin yaradır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər