Pakistanda keçirilən çoxmillətli AMAN-2023 hərbi dəniz təlimlərində iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kapitanı Ramazan Balakişiyev Türkiyədə baş verən şiddətli zəlzələdən danışıb.
Teleqraf.com xəbər verir ki, “Anadolu” agentliyinə açıqlama verən kapitan təlimlərdə həm də bura qatıla bilməyən Türkiyəni təmsil etdiklərini deyib.
Balakiyev Azərbaycanın Türkiyənin ağrılarını öz ağrıları kimi hiss etdiyini söyləyib.
“Təlim səbəbiylə komanda olaraq buradayıq, amma ürəyimiz Türkiyədədir”, - kapitan bildirib və komanda olaraq Türkiyəyə getmək istədiklərini vurğulayıb.
Balakiyev əvvəlcə Türkiyənin təlimdə iştirak edəcəyini öyrəndikdə çox sevindiklərini deyib: “Zəlzələ səbəbindən türk hərbçiləri təlimə gələ bilmədilər, amma gözləri arxada qalmasın, biz burada təkcə Azərbaycanı deyil, qardaş ölkə Türkiyəni də təmsil edirik.
Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Azərbaycan-Türkiyə birliyi nəinki mülki, həm də hərbi baxımdan özünü həmişə və hər yerdə sübut edib və göstərəcək”.
Digər tərəfdən, kapitan Balakisiyev Kəraçidəki təlimin onlar üçün uğurlu olduğunu bildirib və qardaş Pakistana verdiyi töhfələrə görə təşəkkür edib.