“Moskva Vaşinqtonun Bakı və İrəvan arasında vasitəçilik təşəbbüslərinə qısqanc yanaşır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Azərbaycan və Ermənistan liderlərinin Almaniyadakı son görüşünə diqqət çəkib:
“Münxen Təhlükəsizlik Konfransında ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün keçiriləcəyi son anda bəlli oldu. Blinkenin komandası görüşü son ana qədər gizli saxlamağa çalışıb. Bu anlaşılandır.
Moskva Vaşinqtonun vasitəçilik təşəbbüslərinə qısqanc yanaşır və Azərbaycanla Ermənistan arasında özündən başqa ayrı vasitəçini qəbul etmək istəmir. Buna baxmayaraq, Brüssel və Vaşinqton vasitəçilik təşəbbüslərindən əl çəkmir və bununla Kremlə mesaj göndərirlər ki, Cənubi Qafqaz Rusiyanın “arxa bağça”sı deyil, Qərbin də bu bölgədə maraqları var.
Əsas odur ki, İlham Əliyev və Nikol Paşinyan Qərbin vasitəçiliyinə müsbət yanaşırlar. Münhendəki danışıqlarda real nəticə əldə olunmasa da, Brüsellə Vaşinqtonun moderatorluğunu davam etdirməsi Cənubi Qafqaz üçün faydalıdır”.
Elxan Şahinoğlu bildirib ki, Azərbaycan prezidenti üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib:
"Bu təklifə görə, ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri Ermənistan-Azərbaycan sərhədində yaradılmalıdır. Azərbaycan prezidentinin sözlərinə görə, əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə İrəvana göndərilib, Münxendə isə rəsmən təqdim olunub. Paşinyan Münhendə İlham Əliyevin bu təklifinə münasibət bildirməyib.
Paşinyan təklifi qəbul etməsə belə, Laçın yolunun qurtacağında sərhəd və gömrük xidmətinin yaradılmasına bizə heç nə mane olmamalıdır. Laçın yolunun hərbçilərimiz tərəfindən nəzarətə götürülməsini gec-tez həll etməliyik. Yolun sonunda sərhəd və gömrük xidməti fəaliyyətə başlamalıdır. Başqa alternativimiz yoxdur. Əlbəttə, Paşinyan həmişəki kimi bu halda 2020-ci il 10 noyabr bəyanatına istinad etməyə çalışacaq və deyəcək ki, “yol açıq olmalıdır”. Ancaq sərhəd və gömrük xidmətinin fəaliyyətə başlaması 2020-ci il 10 noyabr bəyanatına zidd deyil. Yol bağlanmayacaq, nəzarətə götürüləcək, bu Azərbaycanın təbii haqqıdır.
Paşinyan Qərbi Zəngəzur istiqamətində Ermənistanın sərhəd və gömrük postları təsis edib. Paşinyan Azərbaycan vətəndaşlarının dəhlizdən istifadə edərkən sənədlərinin yoxlanacağını bildirirsə, biz də eyni hüquqdan istifadə edərək Laçın yolu üzərindən Azərbaycan ərazisində daxil olan və buradan (Qarabağ) Ermənistana keçmək istəyənlərin sənədlərini yoxlamalıyıq. Bununla Qarabağa silah-sursat keçidi imkanlarının, o cümlədən üçüncü ölkə vətəndaşlarının Azərbaycan vizası almadan ərazimizə daxil olmasının qarşısı alınacaq”.