“Türkiyədə baş verən dəhşətli zəlzələ fonunda bu ölkə ilə Ermənistan arasında münasibətlər dəyişib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzeti yazır.
Nəşr xatırladır ki, zəlzələdən sonra Ermənistan qonşularına bir qrup xilasedici, eləcə də iki humanitar yük karvanı göndərib və tərəflər son 30 ildə ilk dəfə avtomobillər üçün quru sərhədini açıblar:
“Bundan başqa, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Ankaraya və faciənin episentrinə səfər edib, hər iki ölkənin diplomatları barışdırıcı bəyanatlar veriblər”.
Rusiyalı ekspertlər deyirlər ki, bütün bunlara baxmayaraq hələlik Ermənistanla Türkiyə arasında münasibətlərdə sıçrayış gözləməyə dəyməz.
Ermənistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktorunun erməni müşaviri Ruben Safrastyan hesab edir ki, Türkiyə kiçik addımlar taktikasına sadiqdir:
“İlin əvvəlində Ankara sərnişin və yük daşımalarını bərpa etməyə razılıq verib. Üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması məsələsi müzakirə olunur. Davam edən danışıqlar zamanı tərəflər sərhəd körpüsünün bərpası barədə razılığa gəliblər. Bütün bunlar vacibdir, amma əsas deyil”.
Safrastyan əlavə edib ki, sərhədlərin açılması ilə bağlı əsas məsələdə hələ də irəliləyiş yoxdur. Onun sözlərinə görə, Türkiyənin sərhədi açması müqabilində Ermənistana əsas şərti Azərbaycanla sülh müqaviləsini imzalamasıdır.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini Aleksandr Skakov da hesab edir ki, Türkiyə Ermənistanla münasibətlərini normallaşdırarakən öz müttəfiqi – Azərbaycanın maraqlarını kənara qoymayacaq:
“Ankara və Bakı çox sıx əməkdaşlıq edir, Türkiyə müttəfiqinin maraqlarını gözardı edəcək qədər uzağa getməyəcək”.