Separatçı Ruben Vardanyan “vəzifə”sindən azad etdiyinə görə qondarma rejimin başçısı Araik Arutyunyana təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr Xankəndiyə gələndə “lider” olmağı qarşısına məqsəd qoyan və bu yolda “böyük hədəflər”dən danışan Vardanyanın tələsik yaxasını kənara çəkməsinin Qarabağ ermənilərini məyus etdiyini bildirir:
“İstefasından sonra Ruben Vardanyanın mesajı ziddiyyətli fikirlərə səbəb olub. Bəziləri məyusdur ki, Vardanyan nəinki Arutyunyandan inciməyib, hətta azad etdiyinə görə ona təşəkkür edib”.
Qəzet Vardanyanın Qarabağ separatçıları arasında yaratdığı “həyəcan”ın sabun köpüyü kimi partladığına eyham vurur. Buna görə də “böyük vədlər”indən heç birini yerinə yetirə bilməyən Vardanyanın Araikə “xilaskarı” kimi baxdığına diqqət çəkir.
Qəzet iddia edir ki, Xankəndidə heç nə edə bilməyən Vardanyanın yeni hədəfi Ermənistanda hakimiyyətə gəlməkdir. O, artıq “vəzifə”sindən azad edildikdən sonra dünən Ermənistanın paytaxtında peyda olub.
“Hraparak” yazır ki, Xankəndidə uğursuzluğa düçar olan Vardanyanın növbəti dayanacağı İrəvandır:
"Növbəti siyasi addımları Qarabağdan kənarda, Ermənistanda atacaq. Vardanyana yaxın mənbələrimiz onun komandasının İrəvanda qarşıdan gələn mer seçkilərinə ciddi hazırlaşdığını bildirib. Bu, adi seçkilər olmayacaq, həm də Ermənistanda müxalifətin liderliyi məsələsini həll edəcəklər”.
Bununla belə, qəzet qeyd edir: “Vardanyanın son mesajından sonra çoxları əmindir ki, onun siyasi imici Qarabağla yanaşı, Ermənistanda da istəsə belə, uğur qazanmayacaq".