Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar konfrans keçirilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilati dəstəyi ilə baş tutan tədbirdə diplomatik korpusun və Rusiya ictimaiyyətinin nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları, diaspor üzvləri, Moskvada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbiri açan səfir Polad Bülbüloğlu qeyd edib ki, bu gün biz Xocalı soyqırımı nəticəsində həlak olan yüzlərlə dinc sakinin əziz xatirəsini ehtiramla yad edirik. Bu xatirə Azərbaycan xalqının birliyinin simvoluna çevrilib. Aradan illər keçməsinə baxmayaraq, dinc əhaliyə qarşı törədilən cinayətlərin vəhşiliyi ilə barışmaq çox çətindir. Belə miqyasda faciələrin unudulmasına imkan vermək olmaz. Biz cəzasızlığa və sükuta son qoymalı, Xocalının günahsız qurbanlarına münasibətdə ədaləti bərpa etməliyik.
Diplomat bildirib ki, bəşəriyyətə qarşı törədilmiş bu qanlı cinayətə siyasi-hüquqi qiymət yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və onun dünya miqyasında soyqırımı kimi tanınması məqsədilə Ümummilli Lider tərəfindən görülmüş işlər Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən əzmlə davam etdirilir. Faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və həm Azərbaycanda, həm də xaricdə gənclərin çox fəal iştirak etdiyi “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası mühüm rol oynayır.
Səfir tədbirdə gənclərə müraciət edərək, Xocalı soyqırımı ilə bağlı məlumatları gələcək nəsil və beynəlxalq ictimaiyyətə çatdırılmasının onların müqəddəs vəzifəsi olduğunu xatırladıb.
P.Bülbüloğlu vurğulayıb ki, 2020-ci ildə, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın rəşadətli ordusu və igid oğulları güclü, qətiyyətli və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi torpaqlarımızı işğaldan azad edib. Bütün dünya ordumuzun nə qədər qüdrətli və müasir, əsgər və zabitlərimizin döyüş ruhunun nə qədər yüksək, Azərbaycan xalqının iradəsinin və Prezidentinə inamının nə qədər güclü və sarsılmaz olduğuna bir daha gördü.
İşğalın ağır nəticələrinə baxmayaraq, bu gün Azərbaycanın regionda vəziyyətin sabitləşməsi üçün postmünaqişə dövrünün sülh yolu ilə nizamlanmasına və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına sadiq olduğunu qeyd edən səfir, hazırda uzunmüddətli sülh və təhlükəsizliyin bərqərar olması, Azərbaycanla Ermənistan arasında sivil dövlətlərarası münasibətlərin qurulması üçün tarixi imkan yarandığını da diqqətə çatdırıb.
Sonda səfir vurğulayıb ki, Xocalı faciəsi dinc əhaliyə qarşı törədilmiş cinayət kimi bəşər tarixinin qanlı səhifəsi olan Holokostla eyni sıradadır. O, həmçinin Azərbaycanda heç vaxt antisemitizm təzahürlərinin olmamasından və burada yaşayan bütün xalqların milli mədəni irsi inkişaf etdirmək və qorumaq üçün bərabər hüquqlardan istifadə etməsindən qürur duyduğunu bildirib.
Tədbirdə “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko, ictimai xadim, diplomat, politoloq və “Siyasi araşdırmalar institutunun” baş direktoru Sergey Markov, “Avrasiya İdeyaları Mərkəzi” Elmi Tədqiqatlara Dəstək Fondunun ekspert şurasının sədri, politoloq Qriqoriy Trofimçuk, “ALEF” yəhudi hərəkatının sədri Abram İxiilov, RAGB fəalları Fatimə Qəhrəmanlı və Tərlan Həmzəyev də çıxış ediblər.
İqor Korotçenko qeyd edib ki, Xocalıda törədilmiş hadisələrə dünya dövlətlərinin parlamentləri, o cümlədən Rusiya Dövlət Duması tərəfindən hüquqi qiymətin verilməsinə nail olmaq lazımdır. Bu gün Rusiya xalqı da Azərbaycan xalqının kədərini bölüşür.
Sergey Markov faciədən bəhs edərkən, günahkarların cəzalandırılmasının vacibliyini önə çəkib. Qriqoriy Trofimçuk illər keçməsinə baxmayaraq, fevralın 26-nın heç vaxt unudulmayacağını qeyd edib və günahkarların mütləq cəzalandırılmalı olduqlarını vurğulayıb.
Çıxış edənlər fevralın 26-nın Azərbaycan tarixinin ən faciəvi səhifəsi olduğunu vurğulayaraq, bu soyqırımına dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində ardıcıl obyektiv işlərin aparılmasının vacibliyini önə çəkiblər. Dinc əhalinin kütləvi qətliamı kimi Xocalı soyqırımının dünya tarixində dərin iz qoyduğu da vurğulanıb.
Bu gün, həmçinin səfirliyin binası önündə Xocalı faciəsində qətlə yetirilənlərin xatirəsinə həsr olunmuş stend quraşdırılıb. Səfir Polad Bülbüloğlu və səfirliyin əməkdaşları, Azərbaycanın dövlət qurumlarının Rusiyadakı nümayəndələri, Moskvadakı soydaşlarımız, diaspor fəalları, Rusiyada təhsil alan azərbaycanlı tələbələr gün ərzində diplomatik nümayəndəliyə gələrək stendin önünə gül dəstələri qoyublar.