“Rusiya lideri Vladimir Putinin “fövqəldövlət” iddiası baş tutmayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Kreml yenə də öz imperiya iddiasını keçmiş sovet ölkələri hesabına reallaşdırmaq istəyir:
“Rusiyanın Ukraynaya qarşı işğalını stimullaşdıran və Putini arxayın salan əsas məqamlardan biri ABŞ Əfqanıstandan geri çəkilməsi oldu. Bu, Kremldə “ABŞ-ın məğlubiyyəti” kimi dəyərləndirildi. Yəqin Rusiyanın paytaxtında düşündülər ki, Əfqanıstandan məğlub kimi geri çəkilən Amerika Ukraynaya müdaxilənin qarşısını alacaq gücə olmayacaq. Yanlış hesablama idi. Çünki ABŞ öz hərbi və maddi potensialının çox cüzi hissəsini Əfqanıstanda xərcləmişdi. Yəni Kreml sahibinin ehtimalının əksinə olaraq, Amerika ordusu Əfqanıstandan taqətdən düşmüş kimi çıxmamışdı.
Rusiya Ukraynadan əvvəl Ermənistan vasitəsilə Azərbaycanda işğal planını həyata keçirmişdi. Ardınca Gürcüstan və Ukraynada. Suriyada qazandığı hərbi uğurları isə onu əməlli-başlı ruhlandırdı və bu ruhla yenidən Ukraynanı hədəfə aldı. Kreml 2014-cü ildə Ukraynada “yarımçıq qoyduğu iş”ini – işğal planını ən qısa vaxtda başa çatdıracağını düşünürdü. Kremlin planı Ukraynada qələbə qazanacağı halda digər postsovet ölkələrini də bu və digər şəkildə həyata keçirmək idi. Amma bu baş tutmadı, özünü Ukrayna bataqlığına salan Rusiya indi oradan çıxmağın yollarını axtarır”.
Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiyanın keçmiş sovet ölkələri üzərindən həyata keçirmək istədiyi imperialist planı iflasa uğrayıb:
“Beləliklə, yeni dünya nizamında Rusiyanın fövqəldövlət statusu alması mümkün görünmür. Demək olar ki, Rusiyanı bundan Putin məhrum etdi. Halbuki Rusiya Ukraynaya qədər – öz real hərbi gücünü sınamayana qədər ən azı supergüclərdən biri kimi görünürdü. Putin apardığı siyasət və Ukraynadakı biabırçı məğlubiyyəti Rusiya daxilində təlamütlərə və muxtar respublikaların müstəqillik uğrunda mübarizəsinə gətirib çıxara bilər. Rusiya bu mürəkkəb durumda özünü qoruya bilsə, bu, onun ən böyük uğuru olacaq, nəinki "fövqəldövlət olmaq" kimi boş ümidlərə yelkən açmaq”.