Bu gün “Teleqraf” Media Qrupunun fəaliyyətə başlamasının 11-ci ildönümüdür.
2012-ci ildə təsis edilən media qrupunun “Gündəlik Teleqraf” adlı qəzeti martın 1-də çapdan çıxıb. "Gündəlik Teleqraf"la paralel Publika.az, həmin ilin yayında qəzetin öz saytı – Teleqraf.com, daha sonra Axar.az oxucuların görüşünə gəlib. Qısa müddətdə media qrupuna daxil olan saytlar ölkənin ən populyar media resurslarına çevrilib.
Peşəkar komanda formalaşdıran, obyektivlik və operativlik prinsiplərinə sadiq qalan Teleqraf.com ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlar, dövlət qurumları, mədəniyyət və incəsənət xadimləri ilə müntəzəm əməkdaşlıq edir.
Qarabağ, siyasət, toplum, dünya, iqtisadiyyat, sosium, kriminal, art, idman, maqazin kimi çoxşaxəli bölmələrə uyğun xəbərlər istehsal edən Teleqraf.com eyni zamanda “Brifinq”, “Tanımadığımız azərbaycanlılar”, “Cinayət işi”, “Danışan şəkillər”, “Onun inboksu”, “Düşünmək vaxtı”, “Sözünü de”, “Tozlu xatirələr” adlı müxtəlif layihələri ilə məşhurdur. Ölkənin ən tanınmışları – ictimai xadimlər, siyasətçilər, elm və mədəniyyət adamları, ən aktual mövzularla gündəmə gəlmiş yerli və xarici qonaqlar, diplomatlar redaksiyanın ofisində qonaq olub, əməkdaşlarla tanış olaraq onların sualları cavablandırıb.
Bu müddət ərzində Teleqraf.com-la əməkdaşlıq edən bütün təşkilatlara və oxucularımıza təşəkkür edir, saytımızın daimi izləyicilərini təbrik edirik!
“Teleqraf” Media Qrupuna daxil olan Teleqraf.com saytı ilə yanaşı, bu gün Publika.az xəbər portalının da ad günüdür. Saytlar 11 il ərzində özünü yetərincə təsdiqləyib, ölkənin ən çox oxunan saytlarına çevrilib.