“Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda olarkən Avropa Birliyinin Ermənistanla Azərbaycan arasında vasitəçiliyinə qarşı çıxdı. Moskvanın vasitəçiliyinin regionda sülhə xidmət edəcəyini bildirdi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Rusiyanın vasitəçiliyi ilə son iki il ərzində imzalanan bəyanatlar və sənədlər kağız üzərində qalıb:
“Moskva irəliləyişə maneə yaratmaqla məşğuldur. Amma Moskvadan fərqli olaraq, Vaşinqton və Brüsselin vasitəçiliyi ilə keçirilən görüşlərdə müsbət irəliləyişlər əldə edilir. Bu da Rusiya paytaxtında narahatlıq yaradır. Paşinyanın özü də açıq şəkildə bildirir ki, buna görə Rusiyanın yox, Qərbin vasitəçiliyində maraqlıdır.
Azərbaycan üçün fərqi yoxdur: istər Brüsseldə istərsə, istər Vaşinqtonda, istərsə də Moskvada öz maraqlarına uyğun danışıqlara gedir və gedəcək.
Fransanın mövqeyi isə bəllidir: Azərbaycanın qarşısında – Ermənistanın yanındadlr. Artıq Fransa ilə yanaşı, Almaniya da sülh təşəbbüslərinə qarşı çıxaraq, “gələcək müqəddərat”dan danışmağa başlayıb. Almaniya Kansleri Olaf Şolzun Paşinyanla görüşündən sonra verdiyi açıqlama da bunu göstərdi. Bu baxımdan separatçıların Şolzun açıqlamasını alqışlamaları da diqqətdən yayınmadı.
Görünür, Araik Arutyunyan Fransa və Almaniyadan gələn bu mesajlara arxalanaraq “müstəqillik”dən danışır. Bir sözlə, Almaniya da Rusiya və Fransaya qoşularaq, bölgədə sülhün bərqərar olmasına əngəllər yaratmağa çalışır. Separatizmin dəstəklənməsinə bundan başqa ad vermək mümkün deyil”.
Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycan bütün bunlara baxmayaraq, öz ərazisində separatizmin kökünü kəsmək üçün lokal hərbi əməliyyatlar keçirməlidir: “Qənaətimə görə, Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qoymaqla buna nail olmaq mümkündür. Əks halda, proses uzanacaq”.