Azərbaycan 44 gün davam edən İkinci Qarabağ Müharibəsində illərlə işğal altında olan şəhərlərini azad etməyə nail oldu. Qarabağ Zəfərindən sonra Azərbaycanın diqqət yetirdiyi ilk məsələlərdən biri də illərdir baxımsız qalmış şəhərlərin dirçəldilməsidir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “TRT Haber” telekanalının yayımladığı materialda deyilir.
TRT qeyd edir ki, 30 ildir durğunluq yaşayan bölgə iqtisadiyyatının dirçəldilməsi də mühüm prioritetlərdən biridir:
“Azərbaycan kifayət qədər sürətlə inkişaf edir. Bölgə üçün son dərəcə önəmli olan Zəngilan Hava Limanı Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimlə istifadəyə verilib. Bununla yanaşı, açılacaq Zəngəzur dəhlizi ilə bölgədə şəhərlər dirçələcək, salınan yeni yollar, dəmiryol sistemləri, hava limanları böyük anlam qazanacaq. Azərbaycan Zəngəzur dəhlizi üçün çox vacib olan magistral yol işlərinin əksəriyyətini başa çatdırıb. Horadiz, Cəbrayıl, Zəngilan və Ağbənd arasında olan avtomobil yolu artıq istifadəyə verilməsi üçün günləri sayır.
Mütəxəssislər deyirlər ki, sözügedən avtomobil yolu Zəngəzur dəhlizi üçün həyati əhəmiyyət kəsb edir.
Bəs, Türkiyə ilə Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizi nədir?
Zəngəzur bir vaxtlar müsəlman türk əhalisinin məskunlaşdığı tarixi Azərbaycan ərazisi olsa da, 1920-ci illərdə Sovet İttifaqı tərəfindən Ermənistana birləşdirilib və bu gün də Ermənistanın sərhədləri daxilindədir. Zəngəzurun Ermənistana verilməsi ilə Azərbaycan Naxçıvanla quru əlaqəsini itirdi.
Naxçıvanla Azərbaycanın qərb bölgələri arasında birbaşa quru əlaqəsinin olmaması rəsmi Bakı üçün həmişə çətinliklər yaradıb. Ermənistanın 44 günlük müharibədə məğlubiyyəti ilə imzalanan atəşkəsin 9-cu maddəsi regionda yaradılacaq nəqliyyat dəhlizləri ilə bağlıdır.
Bölgənin iqtisadi və nəqliyyat əlaqələrindəki maneələr aradan qaldırılacaq. Ermənistan hər iki istiqamətdə vətəndaşların, avtonəqliyyat və yük nəqliyyat vasitələrinin hərəkətini təşkil etməklə Azərbaycanın qərbindəki rayonlarla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Nəqliyyat əlaqələrinə nəzarət Rusiya Sərhəd Mühafizə Xidmətinin qurumları tərəfindən həyata keçiriləcək. Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonları arasında nəqliyyat kommunikasiyaları şəbəkələri qurulacaq.
Azərbaycan avtomobil və dəmir yolu daşımalarının həyata keçiriləcəyi Zəngəzur dəhlizinin reallaşdırılması üçün öz ərazisində sürətlə başladığı layihələri intensiv şəkildə davam etdirir.
Zəngəzur dəhlizinin reallaşması ilə Azərbaycanla Türkiyə arasında məsafə qısalır. Ankaradan başlayan dəmir yolu xətti Qarsa, oradan isə Naxçıvana gedir, burada Zəngəzur dəhlizi işə düşür.
Naxçıvanla Azərbaycan arasındakı 43 kilometrlik məsafə Zəngəzur dəhlizi adlanır. Dəhlizin açılması ilə tikiləcək dəmir yolunun Qars-Tiflis-Qars marşrutunu izləyən xətdən daha qısa olacağı gözlənilir.
Azərbaycanın paytaxt Bakıdan Füzuli rayonunun Horadiz qəsəbəsinə qədər olan dəmir yolu xətti artıq istismara verilib. Bu xəttin Horadizdən Ermənistan sərhədinə kimi bəzi hissələri erməni işğalı zamanı dağıdılıb, bəzi hissələri isə su bəndləri altında qalıb. Ona görə də Naxçıvanda Horadizdən Ordubad istiqamətində 166 kilometrlik yeni dəmir yolu xətti çəkiləcək.
Azərbaycan və Rusiya xəttin Ermənistan hissəsindən, Zəngəzur bölgəsindən keçəcək 43 kilometrlik hissəsinin tikintisi ilə bağlı danışıqlar aparacaq”.
TRT bildirir ki, Azərbaycanın Ermənistanla deyil, Rusiya ilə görüşməsinin səbəbi Ermənistanın dəmir yollarının mülkiyyətinin Rusiyaya məxsus olmasından irəli gəlir:
“Naxçıvanın şimalında (Ordubadda), Türkiyə, Ermənistan və İrana yaxın yerləşən Vəlidağ stansiyasına gedən 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Vəlidağda bitən xətt Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq.
Əgər Ermənistan regionda sülhyaratma prosesinə töhfə vermək qərarına gəlsə və bu nəqliyyat layihələrində iştirak etsə, Bakıdan Horadizə və Horadizdən Naxçıvanın şimalına öz dəmir yolu xəttini birləşdirə biləcək. Beləliklə, Ermənistan Rusiya və İrana fasiləsiz nəqliyyat əldə edə biləcək.
Dəmir yolu xətti ilə paralel olaraq eyni marşrutlarda avtomobil yolları da istifadəyə verilir. Azərbaycan Zəngəzura qədər uzanacaq Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu layihəsinə başlayıb və sürətlə davam edir.
Digər tərəfdən, Türkiyə və Azərbaycanın da Qarsı Naxçıvana birləşdirəcək dəmir yolu layihəsi var.
Bütün bu layihələr reallaşdıqda Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsi təmin ediləcək. Eyni zamanda, Azərbaycan üzərindən Türkiyə ilə Rusiya arasında fasiləsiz quru və dəmir yolu əlaqəsi təmin ediləcək.
Ermənilərin hücumu nəticəsində Tovuz ətrafında baş verən toqquşmalar 2020-ci il sentyabrın 27-də tezliklə yerini müharibəyə verdi və Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün əməliyyata başladı.
Azərbaycanın başlatdığı əməliyyat 44 gün davam etdi və Ermənistan böyük məğlubiyyətə uğradı”.
Materialda Zəngəzur dəhlizi “Turan Yolu” adlandırılır.