“ABŞ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tələsir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşrin iddiasına görə, ABŞ-ın məqsədi Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır. Bundan əvvəl isə Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına nail olmaq. Qəzet bunun Ermənistan rəhbərliyinin də maraqlarına uyğun olduğunu bildirir və qeyd edir ki, plan addım-addım həyata keçirilir.
“Hraparak” ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın sülh müqaviləsi ilə bağlı son açıqlamasına da toxunub.
“Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması təcili məsələdir, çünki regionda vəziyyət çox həssasdır”, - Prays vurğulayıb.
Məsələlərin Rusiya və ya ABŞ-ın vasitəçiliyi ilə həll edilməsinə gəldikdə, erməni nəşri iddia edir ki, bunun Azərbaycan üçün heç bir önəmi yoxdur: “Ruslar və amerikalılar arasında heç bir fərq yoxdur, çünki hər iki halda Qarabağ məsələsi Azərbaycan daxilində həll edilir”.
Qəzet yazır ki, ABŞ sülhün bərqərar olması üçün birbaşa Bakı və İrəvanla işləməyə üstünlük verir və bu prosesdə Qarabağ məsələsi yer almır.
“ABŞ-ın Ermənistana yeni təyin olunmuş səfiri Kuinn Laçın dəhlizinin başlanğıcında olub. Xanım səfirin gəlişində əsas məqsədinin nə olduğunu deyə bilmərik, amma bir şey bəllidir ki, baş verənləri öz gözləri ilə görmək üçün getməyib. Kim bilir, bəlkə də Avropa İttifaqının müşahidəçilərinin necə işlədiyini və ümumilikdə nə etdiklərini görmək istəyir. Gürcüstanda baş verən son hadisələr ABŞ-ın Ermənistandakı səfirini Laçın dəhlizinə təcili səfər etməyə məcbur edə bilməzdimi? Hər halda ABŞ-ın niyə tələsdiyinə dair heç bir izahat yoxdur”, - məqalədə qeyd olunur.