16 Mart 2023 09:14
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər ölümlə nəticələnən ürək və qan-damar xəstəlikləri üstünlük təşkil edir. Bakı Baş Səhiyyə Mərkəzin hesabatına görə, yanvar ayı ərzində 901 ölüm hadisəsindən 613-ü ürək və qan-damar xəstəlikləri səbəbindən baş verib. Bu isə ümumi ölüm hadisələrinin 68 faizinə bərabərdir.

Statistikaya görə, dünyada, o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və sair) birinci yerdədir.

Cəmiyyətdə qəfləti ölümlərin sayında artım müşahidə olunur. Yaşından, xəstəliyindən asılı olmayaraq insanlar kütləvi şəkildə qandurulduculardan istifadə edirlər. Bəzi iddialar səslənir ki, qanda laxtalanma COVID-19 pandemiyasından və peyvənddən sonra daha çox artıb. Maraqlıdır, bu iddiaların əsası varmı?

Tanınmış həkim, professor Adil Qeybulla Teleqraf.com-a açıqlamasında trombların yaranma səbəbindən, eləcə də pandemiya ilə əlaqəsinin olub-olmamasından danışıb.

Professor qeyd edir ki, COVID-19 pandemiyasının və vaksinasiyanın nəticələri dünyanın nüfuzlu xəstəliklərə nəzarət və profilaktik mərkəzləri tərəfindən ciddi şəkildə araşdırılır: “İndidən virusun və ya vaksinin tromblaşma yaratdığını demək bir qədər erkəndir. Təbii ki, pandemiyanın müəyyən nəticələri olacaq. Çünki insan orqanizmində bu qədər ciddi təlatümlərə səbəb olan bir pandemiyanın uzaq nəticələri də olmamış deyil.

Hər halda bununla bağlı erkən rəyə gələ bilməsək də, onkoloji, autoimmun (bədənin müxtəlif əzələləri zədələnməsi) kimi xəstəliklərin xüsusi çəkisinin artdığını demək olar. Bu, birbaşa pandemiyaya bağlıdır. Amma son səbəb və nəticə əlaqələrini tibbi tədqiqatlar deyəcək”.

Həkimin müşahidələrinə görə, Amerikada 40 yaşdan yuxarı insanların əksəriyyəti qandurulducu məqsədilə aspirin qəbul edir: “Farmakoloji xüsusiyyətinə görə, aspirinin dezaqreqant təsiri var, yəni bu həb ağrıkəsicilər qrupuna aid salsilatdır. Amma onun gözəl qandurulaşdırıcı təsiri olduğuna görə dünyada geniş tətbiq olunur. Qandurulducuların böyük əksəriyyəti aspirin əsaslıdır. Heparin əsaslı, xırda molekulyar heparin əsaslı və sair qandurulducular da var.

Bəzi heparin əsaslı qandurulducular ürək və müxtəlif əməliyyatlardan sonra trombozun profilaktikası üçün qəbul edilir. Amma aspirini profilaktik olaraq adi insanlar - hansılarda ki, xolesterin yüksəkdir, müəyyən yaşa çatıb, qan laxtalanmasında problem var, onun içilməsi xeyli faydalıdır. Bu, ümumi bir tendensiyadır. Çünki bütün dünyada trombofiliyadan (vena və limfa düyünlərinin xəstəliyi) ölüm sayı yüksəkdir”.

Mütəxəssis profilaktik məqsədli müalicə üsulundan da danışıb: “Miqrasiya edən trombofilinin xəstəliyi var. Öncə aşağı ətraf venalarında, daha sonra başqa yerdə tromblar əmələ gəlir. Bir növ tromblar miqrasiya edir. Bu da venaların vəziyyətinə bağlıdır.

Müəyyən adamlarda oturaq həyat tərzi, şəkərli diabet, artıq çəki ilə bağlı tromblar əmələ gəlir ki, bunların özü də trombofiliya yarada bilər. Trombofiliyanın əsas səbəbi aşağı ətraflarda dərin venaların tromblarıdır. Ona görə də bu cür trombların əmələ gəlib, sonra təhlükəli vəziyyət yaratmaması üçün profilaktik səbəblə aspirin içilməsi məqsədəuyğun sayılır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər