17 Mart 2023 12:42
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin və Abşeron yarımadasının bəzi küçə və yollarında sürət həddinin dəyişdirilməsi ilə bağlı qərar keçmişdə buraxılmış ciddi səhvlərin düzəldilməsidir.

Teleqraf.com xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.

Ekspert hesab edir ki, vaxtilə sürücüləri sıx məskunlaşma ərazilərindən keçən küçə və yollarda yüksək sürətə öyrəşdirən belə səhvlər çoxdan aradan qaldırılmalıydı: “Səhv deyərkən yüksək sürətlə hərəkətə təhrik edən yol infrastrukturu, qanundankənar sürət həddinin tətbiqi və sair hallar olmamalıydı. Nəhayət ki, edildi. Amma iş təkcə sürət həddini endirməklə bitməyəcək. Təhlükəsizliyi artırmaq üçün dövlət proqramında nəzərdə tutulan xeyli işlər - yol tikəndən başlamış, yolda nişan qoyanadək hər kəsin peşəkar və məsuliyyətli fəaliyyətinin təmini, sürücü hazırlığı, sürücü olma işinin təkmilləşdirilməsi, cəmiyyətdə təhlükəsiz davranış mədəniyyətinin formalaşdırılması və sair də görülməlidir.

Ən ciddi işlərdən biri də qəbul edilən qərarların düzgünlüyünün və ən yaxşısı olduğunun cəmiyyətə çatdırılması, insanların buna inandırılmasıdır. Qərar qəbul edənlər (bu halda DYP və BNA) müasir elmi-texniki yanaşmalara istinadla insanları inandırmalıdırlar ki, belə qərarlar daha çox cərimə tətbiqinə, yolda daha çox vaxt itirilməsinə yox, hər kəs (piyada, sürücü, sərnişin) üçün daha təhlükəsiz, daha fasiləsiz və daha dayanıqlı və etibarlı hərəkət (mobillik) mühitinin yaradılmasına xidmət edəcək.

Haqqında danışılan bu qərar hələ tətbiq edilməyib. Onun icrası üçün yollarda hərəkətin təşkilinə uyğun nişanların qoyulması və sair dəyişikliklər edilməlidir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər