12 May 2014 10:09
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü günü daxili işlər naziri, general-polkovnik Ramil Usubov DİN-in "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzində daxili işlər orqanlarının və Nazirliyin tədris müəssisələrinin xidmətdə və təhsildə fərqlənən gənc əməkdaşları ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, daxili işlər naziri Heydər Əliyevin hər bir azərbaycanlıya örnək olan, müasir tariximizin ən şanlı və keşməkeşli səhifələrinin yazılmasına şahidlik etmiş möhtəşəm həyatı və zəngin dövlətçilik fəaliyyəti, müstəqillik illərində cəmiyyət həyatının bütün sahələrində onun rəhbərliyi altında həyata keçirilmiş köklü islahatlar, iqtisadi, hərbi qüdrətimizin artırılması, dövlət təsisatlarının möhkəmləndirilməsi, ümummilli liderin müəllifi olduğu azərbaycançılıq ideologiyası barədə ətraflı məruzə ilə çıxış edib. O deyib ki, ümummilli liderin anadan olmasının növbəti ildönümü Azərbaycan dövlətinə və xalqına əsl xidmətin nə demək olduğunu bir daha dərk etməyə imkan verən xüsusi əhəmiyyətli hadisədir. Bu gün Azərbaycanın qazandığı uğurların, qürur duya biləcəyimiz nailiyyətlərin əsasını istisnasız olaraq öz titanik fəaliyyəti ilə ulu öndər qoyub.

Məruzəçi Azərbaycana ilk rəhbərliyi dövründə Heydər Əliyevin Sovet İttifaqı tərkibində bugünkü müstəqil dövlətimizin ilkin əsaslarını formalaşdırdığını xatırladıb, müstəqilliyin ilk illərində dövlətçiliyin itirilməsi təhlükəsi, vətəndaş qarşıdurması, xaos və anarxiya ilə üzləşən xalqımızın çıxış yolunu məhz onun ali hakimiyyətə qayıdışında gördüyünü, ulu öndərin 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçildiyi günün xalqımızın tarixinə Milli Qurtuluş günü kimi yazıldığını, bununla da ümummilli liderin Azərbaycana rəhbərliyinin ikinci dövrünün başlandığını, müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiya və hüquqi dövlət quruculuğu kimi prinsipləri özündə ehtiva edən yeni ideologiyanın əsasını qoyduğunu vurğulayıb.

General-polkovnik Ramil Usubov məmnunluq hissi ilə xatırladıb ki, Heydər Əliyevin xalq qarşısında misilsiz xidmətlərindən biri də onun zamanını qabaqlayan parlaq siyasi zəkası və böyük uzaqgörənliyi sayəsində özündən sonra ölkəmizi uğurla idarə edən xarizmatik lider yetişdirməsidir.

Ölkə Prezidenti zati-aliləri cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 11 ilə yaxın bir müddətdə ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə olunan, xalqımız və dövlətimiz üçün taleyüklü sayılan mühüm layihələr reallaşıb. Ölkəmizin iqtisadi və hərbi potensialı, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib.

Artıq neçə ildir ki, respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın lider dövlətlərindəndir. Bu gün Azərbaycan, həm də əmin-amanlığın yüksək səviyyədə qorunduğu təhlükəsiz ölkələrdən olmaqla asayişin təmini, cinayətkarlıqla mübarizə sahəsində əldə edilmiş müsbət nəticələrə görə MDB, eləcə də Şərqi Avropa məkanında öncül mövqe tutur.

Nazir vurğulayıb ki, ümummili liderimiz dünyanın inkişaf etmiş hüquqi, demokratik ölkələrindən biri kimi Azərbaycanın parlaq gələcəyinin yüksək intellektə, sağlam dünyagörüşə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış vətənpərvər gənclərdən asılı olduğunu çıxış və nitqlərində vaxtilə dəfələrlə vurğulayıb, belə üstün mənəvi və iş keyfiyyətlərinə malik insanların dövlət idarəçiliyində, ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları üçün zəruri tədbirlər görüb, o cümlədən Dövlət Gənclər siyasəti haqqında xüsusi Proqram qəbul edilib.

Təqdirəlayiq haldır ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin gəncliyə olan böyük diqqət və qayğısı onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz ulu öndər tərəfindən imzalanmış "Dövlət Gənclər siyasəti haqqında" fərmandan, "Gənclər siyasəti haqqında" qanundan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramından irəli gələn vəzifələr daxili işlər orqanlarında da uğurla həyata keçirilir. Bunun məntiqi nəticəsidir ki, hazırda respublikanın daxili işlər orqanlarının şəxsi heyətinin 40 faizindən çoxunu 30 yaşadək olan gənclər təşkil edir. Əməkdaşların vəzifədə irəli çəkilməsi, ümumilikdə, gənclərə lazımi diqqət və qayğı göstərilməsi ölkə rəhbərliyinin böyük önəm verdiyi əsas məsələlərdəndir. Həmin ali diqqət və yüksək etimadın əyani təzahürüdür ki, 2006-cı ildən indiyədək 575 gənc müsabiqə yolu ilə daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul edilib.

Nazir, general-polkovnik Ramil Usubov xalqımızın demokratik, hüquqi dövlətdə yaşamaq ideallarının real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsinin məhz ümummilli liderin yaratdığı, nəsillərə əmanət etdiyi, milli sərvətimiz olan sabitliklə bilavasitə bağlılığını bir daha xatırladaraq, onu qorumağın, möhkəmlətməyin, dönməzliyini təmin etməyin hər birimizin müqəddəs vəzifəsi və vətəndaşlıq borcu olduğunu vurğulamış və qeyd etmişdir ki, müstəqil Azərbaycan var olduqca, ümummilli liderimiz dahi şəxsiyyət, əsl vətəndaş və qüdrətli lider kimi daim yaşayacaq.

Tədbirin sonunda daxili işlər naziri xidməti vəzifələrin icrasında və təhsildə fərqlənən bir qrup əməkdaşa və müdavimə mükafatlar təqdim edib.


Müəllif: