“İran ölkəmizdə öz maraqlarına xidmət edən “5-ci kolon” formalaşdırıb. Məzhəb adı altında formalaşan bu qruplaşma ölkəmizin müstəqilliyinə və təhlükəsizliyinə təhdiddir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, İran rejimi uzun illərdir Azərbaycanda məscidlərdən siyasi-ideoloji və kəşfiyyat mərkəzi kimi istifadə edib:
“Deputat Fazil Mustafaya qarşı baş verənlər Tehrandakı səfirliyimizə qarşı həyata keçirilən terror hücumun davamıdır. Dediyim kimi, molla rejimi ölkə daxilində terror şəbəkəsi formalaşdırıb. Bir sıra sahələrdə İrana rəğbət və molla rejiminin ideoloji aparatının təsir dairəsində olan şəxslər var. Bu şəbəkənin başında onu bu illər ərzində formalaşdıran və bir müddət əvvəl Azərbaycandan qaçmış Ocaqnejad dayanırdı.
İstisna etmirəm ki, Ocaqnejad qaçarkən arxasında saxladığı bu zərərli və təhlükəli şəbəkə yenə də sifarişlərini cənub qonşumuzdan alır. Fazil Mustafanın ölüm fətvasının da həmin mərkəzlərdən gəldiyinə şübhə yoxdur. Aktda istifadə olunan silahın növü və qəsd planın icra forması da göstərir ki, məqsəd heç də xəbərdarlıq atəşi olmayıb, hədəf onu öldürmək idi. Olaydan dərhal sonra SEPAH-a bağlı Teleqram kanallarının terror aktını sevincək tirajlaması da təsadüfi deyil. Həmin kanallar “antiiran mövqeli deputat qətlə yetirildi” kimi paylaşımlar etdilər”.
İranın məqsədinə gəlincə, Məhəmməd Əsədullazadə hesab edir ki, niyyət Azərbaycanı qarışdırmaq, məzhəb müstəvisində qarşıdurma yaratmaq və bundan istifadə edərək öz məkrli planlarını həyata keçirməkdir:
“Azərbaycan öz ərazilərini azad etdikdən, Zəngəzur dəhlizi məsələsi gündəmə gəldikdən sonra molla rejimi sakitləşmək bilmir. Hətta işğal dövründə Ermənistana qəyyumluq edən Rusiya və bir sıra Qərb dövlətləri belə, İran qədər Azərbaycana qərəzli olmadılar, düşmən mövqeyi tutmadılar. İran isə əlindən gələni edir ki, Azərbaycanı öz milli maraqlarından döndərsin. Bunun üçün də “din kartı”ndan yararlanmağa çalışır.
İran din amilindən istifadə edərək, ölkəmizə və xalqımıza qarşı terror siyasəti həyata keçirir. Bu təhlükə zərərləşdirilməlidi. Bütün vətəndaşlarimız bilməlidir ki, İran rejimi dini deyil, bu dindən istifadə edən terrorçu rejimdir”.