29 Mart 2023 16:17
5 615
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın İsraildə səfirliyinin açılmasını yubatmaq olmazdı”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Azərbaycan-İsrail münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:

“İsrail Azərbaycanda səfirliyi 30 il əvvəl açıb. Biz isə 30 il gözlədik. Açıq demək lazımdır: İran və ərəb amilinə görə İsraildə səfirlik açmaqdan çəkinirdik. Sonrakı illərdə aydın oldu ki, İsraildə səfirlik olmadan da Tehran Azərbaycana qarşı təxribatlarından əl çəkən deyil. Çünki Tehranın dərdi Azərbaycan-İsrail əməkdaşlığından çox Azərbaycanın dünyəvi müsəlman ölkəsi olaraq varlığıdır. Digər tərəfdən, son illərdə ərəb ölkələrinin bir qrupu İsraillə diplomatik əlaqələr qurublar. Ərəb ölkələri İsraildə səfirliklər açırlarsa, Azərbaycanın bu ölkədə niyə səfirliyi olmamalıdır?

Azərbaycanın İsraildə səfirliyinin açılmasını şərtləndirən amillərdən biri də iki ölkə arasında artan əməkdaşlıqdır. İsraildən aldığımız hərbi texnikaların İkinci Qarabağ Müharibəsindəki uğurumuzda payı az deyil. İsrail Azərbaycanla əməkdaşlığı təhlükə altına atmamaq üçün düşmənimiz Ermənistana hərbi texnika satmadı. Halbuki İrəvanın belə cəhdləri olmuşdu. Hərbi-texniki sahədə əməkdaşlıq o həddə çatıb ki, İsrail şirkətinin dəstəyi ilə bugünlərdə Bakıda kibertəhlükəsizlik mərkəzi açılıb.

Bundan başqa Azərbaycan illərdir Ceyhan limanı üzərində İsrailə neft satır. Bu, İsrailin neftə olan tələbatının təxminən 30 faizdən çoxunu təşkil edir. Bütün bunlardan sonra Azərbaycanın İsraildə səfirliyinin açılmasını yubatmaq olmazdı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər