“Azərbaycana düşmən kəsilmiş İran mümkün olan bütün vasitələrə əl ataraq ölkəmizi zəiflətmək, insanlarımızı qorxutmaq, dövlətimizi gücdən salaraq yox etmək arzusundadır. Bacarmır və bacaran da deyil, amma istəyi narkomanın əsrar yanğısı qədər güclü olduğundan səngimək bilmir”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.
Onun sözlərinə görə, Məmməd Səid Ordubadi indi İran adlanan ölkənin paytaxtını “qorxulu Tehran” adlandıranda yanılmamışdı:
“Tehran qorxuludur, çünki teokratik və klerikal hakimiyyətlidir. Tehrandakı mollakratiya dünyada bənzəri olmayan aqressivlikdə, paralelləri aparılması çətin dözülməzlikdə olan rejimdir. Qorxutmağa çalışan, amma özü də qorxan mollakratiya bütün qonşu ölkələr üçün real təhlükə mənbəyidir. Azərbaycan üçünsə Tehran rejimi bizi hədəf görən və idarə etməyə çalışan xaotik sistemdir.
Terroru mübarizə vasitəsi sayan və dünyanın müxtəlif ölkələrindəki terrorçu təşkilatlarla çox sıx əlaqələr quran, həmin qruplaşmaların bəzilərini maliyyələşdirən, bəzilərini silahlandıran, bəzilərinə isə ideoloji-siyasi dəstək verən İran nəyin bahasına olur-olsun, Azərbaycanı zəiflətməyə can atır.
Güclü Azərbaycan molla rejiminin qorxulu röyasıdır, çünki bu halda Güney Azərbaycanda milli oyanış sürətlənərək vüsətlənəcək, Təbriz əsrlərdən bəri soydaşlarımızın qanını içən Tehrana yerini göstərəcək.
Tehrandakı ayətulla kamarilyasının bizə - Azərbaycana və azərbaycanlılara olan kininin, bitmək bilməyən nifrətinin səbəbləri çox olsa da, onların arasında özünümüdafiə instinktinin eybəcər hala salınmış forması var: Tehran İrandakı 35 milyon soydaşımızın yumruq kimi birləşməsindən, sonra da o yumruğun murdar molla rejiminin qafasına enməsindən qorxur”.
Elçin Alıoğlu qeyd edib ki, molla rejimi aylardan bəri etiraz aksiyalarının silkələdiyi hakimiyyətini Azərbaycana hədələr ünvanlamaqla qorumağa çalışır:
“Tehran isteriyaya qapılıb, ikitərəfli münasibətlərimizi ifrat dərəcə soyudaraq, qarşıdurmaya çevirə biləcək bəyanatlar verərək addımlar atır. Amma molla rejimi unudur ki, bu yol onu çox təhlükəli istiqamətə aparır. Mollakratiya o yoldan qayıtmaya bilər”.
Jurnalist molla rejiminin Ermənistana yeni səfir təyinatına da diqqət çəkib:
“Mehdi Sübhani İranın Ermənistana səfiri təyin edilib. O, bundan əvvəl Tehranın Suriyadakı səfiri olub. Bu, nümayişkaranə təyinatdır. Suriyanın darmadağın olmasında, ölkə ərazisinin böyük qisminin İranın yaratdığı terrorçu və bandit dəstələrin nəzarətinə keçdiyini, Bəşər Əsəd rejiminin Tehrandan asılı olduğunu xatırlatmağa ehtiyac varmı?
İranın SEPAH-ı illərdir Suriyadadır və orada döyüşür. Sübhani də Suriyada dağıdıcı böhranlar və gərginliklər yaratmaş sahəsində ustalaşıb. Bu məxluq indi molla rejiminin İrəvandakı səfiridir.
Müdafiə Nazirliyimiz Tehrandakı ayətulla hakimiyyətini terroru dəstəkləyən hakimiyyət adlandırmaqla tam dəqiq bəyanat verib. Tehran Cənubi Qafqazın xaosa girməsində birbaşa maraqlıdır. Molla rejimi bunu etməyə çalışacaq - ermənilərin əli ilə”.