“Ermənistan Rumıniya və Latviyanı Azərbaycanla əməkdaşlıqdan çəkindirməyə çalışır, amma bu səyləri əbəsdir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
Ekspert hər iki Avropa Birliyi ölkəsi üçün Cənubi Qafqazda əsas strateji tərəfdaşın Azərbaycan olduğunu bildirib:
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rumıniyaya iki günlük işgüzar səfərə gedəcək. Səfər zamanı yüksək səviyyəli görüşlərlə yanaşı, o cümlədən Rumıniya parlamentinin nümayəndələri ilə də təmaslar planlaşdırılır. Mirzoyan görüşlər zamanı Ermənistan və Rumıniya arasında ikitərəfli əməkdaşlıq və Ermənistan-Avropa Birliyi tərəfdaşlığı, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə çağırışlar, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə toxunacaq. O, rumıniyalı deputatlardan Azərbaycan-Rumıniya sazişlərinin, xüsusən də energetika sahəsində həyata keçirilən anlaşmalara qarşı çıxmağı xahiş edəcək.
Bir neçə həftə əvvəl Rumıniya Prezidenti Klaus İohannis Bakıya gəlmişdi. Səfər çərçivəsində tərəflər arasında siyasi və enerji sahələrində mühüm sazişlər imzalanıb.
Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Latviyada səfərdə olub. Latviya prezidenti də bundan bir gün əvvəl Bakıya gəlmişdi. Latviya lideri Azərbaycanla geniş çoxtərəfli əməkdaşlıq proqramının həyata keçirilməsində maraqlı olduğunu bildirib. Qriqoryan həmçinin latviyalı siyasətçiləri Bakının “regionun təhlükəsizliyini təhdid edən hərəkətləri”nə qarşı çıxmağa çağırıb. O, Riqada xüsusilə Bakının “işğal siyasəti”, “Laçın yolunun blokadası”, “soyqırımı” və hər yerdə danışdıqları digər nağıllardan danışıb.
Bütün görüşlərdə, müxtəlif instansiyalarda söhbət eyni şeydən gedir: “Azərbaycanla əlaqələri məhdudlaşdırın”, “Azərbaycanın enerji resurslarını almayın”, “beynəlxalq strukturlar və qurumlar çərçivəsində siyasi təzyiqlər göstərin” və sair”.
İlqar Vəlizadə Ermənistanın bu nağıllarının heç bir işə yaramadığını söyləyib:
“Müxtəlif sahələrdə perspektivli layihələrlə bir-birinə bağlı olan hər iki ölkə - Latviya və Rumıniya üçün Azərbaycanın regionda əsas ticarət və siyasi tərəfdaş olması İrəvanı utandırmır. Rumıniya üçün onun Azərbaycanla əlaqələri həm də Buxarestin mühüm rol oynadığı irimiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi üçün şərtdir.
Onlar (ermənilər) həmişə kiçik çirkin hiylələrlə yaşayırlar”.