Rusiya və İran yaxın müddətdə strateji tərəfdaşlıq haqqında saziş imzalayacaq. Bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bir neçə gün əvvəl Moskvada rusiyalı həmkarı Sergey Lavrovla müzakirə aparıb. Sazişin yaxın aylarda imzalanacağı planlaşdırılır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Mərkəzin ekspertləri bildirirlər ki, Rusiya ilə İran arasında strateji tərəfdaşlıq sazişi iki ölkə arasında 2001-ci ildə imzalanan əməkdaşlıq sazişini əvəz etməlidir:
“Bu müddətdə İran Rusiyanın tərəfdaşından strateji tərəfdaşına çevrilib. Ona görə də Moskva və Tehran yeni sazişə ehtiyac duyur.
Moskva Qərbə qarşı mübarizədə İran və Çinlə üçlü koalisiya formalaşdırmaq istəyir. Tehran da bu koalisiyada maraqlıdır. İran 2021-ci ildə Çinlə, 2022-ci ildə Venesuela ilə strateji tərəfdaşlıq tərəfdaşlıq sazişi imzalayıb. Venesuela ilə İranı sadəcə anti-Amerika siyasəti birləşdirir. Tehranla Pekini isə anti-Amerikan siyasəti ilə yanaşı, dərin iqtisadi və ticarət əlaqələri birləşdirir. Çin yaxın illərdə İrana böyük yatırımlar həyata keçirməlidir. Çin İrandan ucuz neft almaqda da maraqlıdır. Pekinin İranla Səudiyyə Ərəbistanını barışdırmaq səyləri də, Çinin Avrasiya bölgəsində artan rolundan xəbər verir”.
Təhlildə qeyd olunur ki, Rusiya ilə İran arasında 2022-ci ildə ticarət nübadiləsi 15 faiz artaraq, 5 milyard dollara çatıb:
“Moskva növbəti mərhələdə İranla Şimal-Cənub nəqliyyat dəhlizini reellaşdırmaq istəyir. Rusiya bu dəhliz vasitəsilə Asiyanın uzaq ölkələri ilə ticarət mübadiləsini artırmağı planlaşdırır. Bu məqsədlə İran ərazisində 2025-ci ilə qədər Rəşt-Astara dəmir yolu tikilməlidir. Ancaq Moskvanın bu planları hazırda təhlükə altındadır. Çünki İranın Azərbaycana qarşı artan təxribatları iki ölkə arasındakı münasibətləri gərginləşdirib.
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb. Tehran Azərbaycanın İsraillə artan əməkdaşlığının əleyhinə açıqlamalar verməkdə davam edir. Bakıda azərbaycanlı deputata qarşı terror aksiyasında İranın adı hallandırılır. Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında terror aksiyasının arxasında İranın olduğu bildirilib.
Belə vəziyyətdə Azərbaycandan da keçəcək Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivi sual doğurur. Bu layihənin işə düşməsi üçün İran Azərbaycana qarşı təxribatları dayandırmalı və münasibətləri normallaşdırmağa çalışmalıdır. Ancaq Tehran bunları etmir”.