“İranın heç vaxt Azərbaycana qarşı hərbi əməliyyatlara başlamağa cürəti çatmaz”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.
Jurnalist İran və Azərbaycan arasındakı son gəlişmələrə diqqət çəkib:
“Zəngəzur dəhlizi “qırmızı xətt”imizdir”, “Qırmızı xətt”imizi keçməyə imkan vermərik” - Tehrandakı abgərdən rejiminin mənsubları bu barədə tez-tez danışırlar. Tehrandakı rejim ünvanımıza həmişə nəsə deyir və deyəcək, amma hərbi qarşıdurmaya cürəti çatmaz. Çünki “qırmızı xətt” məsələsi incə məqamdır.
Rusiya rəhbərliyi də “qırmızı xətlər”dən danışmağı çox sevir. Deyir ki, bu xətlər keçilərsə, ağır cavab verər və sair. Amma Rusiya hədələrindən heç birini indiyədək gerçəkləşdirməyib. Ukrayna ordusu Rusiyanın kəndlərinə raket-bomba zərbələri endirsə də. Ukraynada işğalçı müharibəyə başladığı ilkin dönəmlərdə Kreml qəzəbli bəyanatlar verərək, Qərbdən tələb edirdi ki, Ukraynaya silah və hərbi texnika verməsin. 2022-ci ilin yayında Qərb koalisiyası İkraynaya raketlər verməyə başlayanda Kreml yeni hədələri səsləndirdi: “Bu qərar “qırmızı xətlər”i keçir, Rusiyanın cavabı ağır olacaq”.
Heç nə baş vermədi. Qərb Ukraynaya nə qədər çox silah-sursat verirdisə, hərbi-texniki dəstəyin həcmini və intensivliyini nə qədər artırırdısa, Moskvanın bəyanatları bir o qədər sakitləşirdi. Kreml daha sonra dedi ki, Ukraynaya tankların və uzaqvuran reaktiv artilleriya sistemlərinin göndərilməsinə imkan verməyəcək – bu, “qırmızı xətlər”dir. Amma Ukraynaya tanklar və raketlər verilir. Bu günlərdə MiQ-29 qırıcı-bombardmançı təyyarəəri də veriləcək.
Üstəlik, Ukrayna tədricən “tabu”ları pozaraq hərbi əməliyyatları Rusiya ərazisinə keçirir. Ukrayna ordusu Rusiyanın qərbində hərbi hissələrə və mövqelərə hücumlar edir. Açıq və aşkar şəkildə. Yayda Qərb Ukraynaya 500 tank verəcək və ukraynalılar Rusiya ordusuna çox ağır zərbələr endirəcəklər”.
Molla rejiminin “qırmızı xətlər”inə gəldikdə, Elçin Alıoğlu bir sıra mühüm məqamlara diqqət çəkib:
“Zəngəzur dəhlizi ilə bağlı Tehranın isteriyası anlaşılandır: molla rejimi Ermənistan vasitəsilə Qara dənizə çıxışı itirəcəyindən qorxur, Britaniya, İsrail və Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsini istəmir. Məhz bu səbəbdən Tehrandakı abgərdən rejimi və Xameneyinin əlaltıları öz aləmlərində Bakını “hədə”ləyirlər. Tehran əsla, amma əsla Azərbaycana qarşı hərbi əməliyyatlara cürət etməz. Səbəb çox bəsitdir: Türkiyənin birbaşa, İsrailin və Pakistanın dolayısı ilə Azərbaycanla eyni cəbhədə Tehrana qarşı çıxış etmələri Xameneyi hakimiyyətinin sonu olacaq.
Ona görə də ayətullalara, müctəhidlərə və onların yerli aftafalarına məsləhətim odur ki, bəyanatlarıyla açıqlamalarında barıtı çox etməsinlər. O barıt Tehran rejiminin özünü partlada bilər”.