8 Aprel 2023 18:05
2 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran həmişə Azərbaycanın güclənməsindən narahat olub”.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Yeursəlim Post” qəzetinin dərc etdiyi məqalədə bildirilir.

Təhlildə qeyd olunur ki, Bakı və Tehran arasında gərginliyin artması fonunda aprelin 6-da İran səfiri Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb:

“Bakı Azərbaycana münasibətdə nümayiş etdirdiyi son təxribatçı hərəkətlərə görə İran səfirinə kəskin narazılığını bildirib.

İran səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun gəlməyən və Vyana Konvensiyasına zidd fəaliyyətlərinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” elan edilib. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etmələri tələb olunub.

Bu, ciddi qarşıdurmadır. Azərbaycanla İran arasında artan son insidentlər və gərginlik bu silsilənin bir hissəsidir”.

Eyni zamanda, İsrail qəzeti yazır ki, İran Azərbaycana qarşı ritorikanı sərtləşdirir:

“Aprelin 5-də İran parlamentinin 210-a yaxın deputatı bəyanat verərək, Azərbaycanın İsraildə səfirlik açmasını qınayıb. İranlı deputatlar bununla bağlı tədbir görülməli olduğunu söyləyiblər. İran deputatları açıq şəkildə rejimin göstərişi ilə deyirlər ki, Azərbaycan rəsmilərinin bu addımı müxtəlif mənfi siyasi nəticələrə gətirib çıxaracaq”.

Nəşr molla rejiminin Fələstinin “İslami Cihad” terror qruplaşmasının Azərbaycan əleyhinə bəyanatına da diqqət çəkir:

“Eyni zamanda, İran Fələstinin “İslami Cihad” kimi qüvvələrini səfərbər edərək Azərbaycana mesaj yollayıb. Fələstin terror qruplaşması son günlərdə Bakıya qarşı bəyanat yayıb”.

“Yerusəlim Post” Azərbaycanın rəsmi mənbələrinə istinadən deputat Fazil Mustafaya qarşı törədilən terror aktında İranın rolunu da vurğulayır. Hazırda Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bu terror aktını araşdırdığını yazır.

İsrail nəşri Azərbaycan Xarici İşlər Nazirliyinin son açıqlamalarını xatırladıb və qeyd edib ki, Tehran və SEPAH-dan gələn hədə və təhdidlər Azərbaycanı qorxutmur.

“Son bir neçə ildə Bakı ilə Tehran arasında gərginlik artıb. İran Azərbaycanı İsraillə əlaqələrə görə tənqid edir, Azərbaycan-Ermənistan gərginliyi ətrafında baş verənlərdən narahatdır. İran Ermənistanı dəstəkləməyə meyllidir. Bundan əlavə, İran öz ərazisində yaşayan azərbaycanlıların baş verənlərə reaksiyasından narahatdır.

İran Rusiya ilə isti əlaqələrə malikdir, Rusiya və İranın həm də Türkiyə ilə yaxşı əlaqələri var. Türkiyə isə Azərbaycanın əsas müttəfiqidir. Bununla belə, İran Azərbaycanın artan gücündən, regiondakı qüdrətindən və nüfuzundan həmişə narahat və ehtiyatlı olub”, - İsrail qəzeti vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər